Ümumi hissə Birinci bölmə Əsas müddəalar


XLII fəsil   Məhkəmə baxışının açılışı



Yüklə 2,96 Mb.
səhifə293/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   289   290   291   292   293   294   295   296   ...   466
XLII fəsil

 

Məhkəmə baxışının açılışı

 

Maddə 322. Məhkəmə baxışının açılışı ilə məhkəmənin ilkin hərəkətləri

 

322.1. Məhkəmə baxışı üzrə məhkəmə iclası üçün təyin edilmiş vaxtda məhkəmə tərkibi (cinayət işinə təkbaşına baxıldığı halda hakim) məhkəmənin iclas zalına daxil olur və orada hakimlərin yerini tutur. Bundan sonra məhkəmə iclasında ardıcıllıqla aşağıdakı hərəkətlər yerinə yetirilir:



322.1.1. məhkəmə iclasında sədrlik edən məhkəmə baxışını açır və hansı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə baxılacağını elan edir;

322.1.2. məhkəmə iclasında sədrlik edənin göstərişi əsasında məhkəmə iclasının katibi cinayət prosesi iştirakçılarının, habelə şahidlərin, ekspertlərin, mütəxəssislərin, tərcüməçinin məhkəmə iclasına gəlməsi və gəlməyən şəxslərin gəlməmə səbəbləri barədə məhkəməyə məruzə edir;

322.1.3. məhkəmə iclasında sədrlik edən icra məmurlarına şahidlərin müşayiət altında şahidlər üçün otağa aparılması, bir-biri və digər şəxslərlə ünsiyyətdə olmasının qarşısının alınması, şahidlər üçün ayrılmış otaqda ləyaqətli şəraitin yaradılması barədə göstərişlər verir;

322.1.4. məhkəmə iclasında sədrlik edən məhkəmə iclasında tərcüməçi qismində kimin iştirak etdiyini yoxlayır və ona, bu Məcəllənin 99.4 — 99.6-cı maddələrində nəzərdə tutulmuş vəzifələrini, hüquqlarını və məsuliyyətini izah edir;

322.1.5. məhkəmə iclasında sədrlik edən məhkəmə iclasına gəlmiş cinayət prosesinin iştirakçılarına tərcüməçiyə etiraz etmək hüququnu və bu Məcəllənin 117-ci maddəsində nəzərdə tutulmuş tərcüməçiyə etiraz edilməsinə səbəb olan əsasları izah edir;

322.1.6. tərcüməçiyə etiraz edildikdə məhkəmə həmin etirazın təmin edilib-edilməməsini həll edir (qərar qəbul etmək üçün məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra qəbul edilmiş qərarı elan edir və onun icrasını təmin edərək məhkəmə iclasını davam etdirir);

322.1.7. məhkəmə iclasında sədrlik edən məhkəmənin tərkibini və məhkəmə iclasının katibini elan edir və hakimə, hakimlərə və ya məhkəmənin bütün tərkibinə, habelə məhkəmə iclasının katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün bu Məcəllənin 109 və 116-cı maddələrində nəzərdə tutulmuş əsasları izah edir (bu qaydalar məhkəmə iclasında iştirak etdiyi halda ehtiyatda olan hakim barəsində də tətbiq edilir);

322.1.8. hakimə, hakimlərə və ya bütün məhkəmə tərkibinə etiraz edildikdə məhkəmə iclasında sədrlik edən məhkəmə iclasını təxirə salır, etiraza bu Məcəllənin 109.3—109.5-ci maddələrinin müddəalarına əsasən baxılır, etirazın təmin edilib-edilməməsi məsələsi həll edilir, qəbul edilmiş əsaslandırılmış qərar məhkəmə iclasında sədrlik edən tərəfindən elan edilir (etiraz baxılmamış saxlanıldıqda və ya təmin edilmədikdə məhkəmə baxışı davam etdirilir, etiraz təmin olunduqda məhkəmə iclası bağlı elan edilir, məhkəmə baxışı isə təxirə salınır və yalnız hakim və məhkəmə tərkibi əvəz edildikdən sonra təzələnərək əvvəldən başlanır); məhkəmə iclasının katibinə etiraz edildikdə məhkəmə müşavirə otağına gedir, etirazın təmin edilib-edilməməsi məsələsini həll edir və qayıtdıqdan sonra qəbul etdiyi əsaslandırılmış qərarı elan edir (etiraz təmin edildikdə məhkəmə iclasının katibi başqa məhkəmə iclasının katibi ilə əvəz olunur və məhkəmə baxışı davam etdirilir); 

322.1.9. məhkəmə iclasında sədrlik edən təqsirləndirilən şəxsin (növbə ilə təqsirləndirilən hər bir şəxsin) şəxsiyyətini (soyadını, adını, atasının adını, doğulduğu ili, ayı, günü, yeri və ailə vəziyyətini) müəyyən edir;

322.1.10. məhkəmə iclasında sədrlik edən ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun və ya xüsusi ittiham qaydasında şikayətin surətinin təqsirləndirilən şəxsə verilib-verilmədiyini aydınlaşdırır (təqsirləndirilən şəxsin şəxsiyyəti və ya göstərilən sənədlərin ona verilməsi müəyyən edilmədikdə məhkəmə baxışı təxirə salınır və yalnız həmin sənədlər ona verildikdən sonra təzələnərək əvvəldən başlanır);

322.1.11. məhkəmə iclasında sədrlik edən təqsirləndirilən hər bir şəxsə bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir;

322.1.12. məhkəmə iclasında sədrlik edən cinayət işi üzrə kimin zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh olduğunu (onların soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, yer, ailə vəziyyəti) elan edir;

322.1.13. məhkəmə iclasında sədrlik edən hər bir zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə onların bu Məcəllənin 87 — 89 və 93-cü maddələrinə müvafiq olaraq nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edir;

322.1.14. məhkəmə iclasında sədrlik edən kimin (soyadı, adı, atasının adı, ixtisas dərəcəsi, tutduğu vəzifə) dövlət ittihamını müdafiə etdiyini elan edir və cinayət prosesi iştirakçılarının dövlət ittihamçısına etiraz etmək hüququnu və həmin etirazın edilməsi üçün bu Məcəllənin 112-ci maddəsində nəzərdə tutulmuş əsasları izah edir;

322.1.15. dövlət ittihamçısına etiraz edildikdə, məhkəmə müşavirə otağına getməmişdən əvvəl bu məsələyə dair dövlət ittihamçısının və təqsirləndirilən şəxsin, onun müdafiəçisinin fikrini öyrənməklə, müşavirə otağına gedir və etirazın təmin edilib-edilməməsi məsələsini həll edir, qayıtdıqdan sonra məhkəmənin qəbul etdiyi əsaslandırılmış qərarı elan edir (etiraz təmin edildikdə məhkəmə baxışı təxirə salınır və yalnız işə yeni cəlb edilmiş dövlət ittihamçısına işin materialları ilə tanış olmaq imkanı təmin edildikdən sonra təzələnir);

322.1.16. məhkəmə iclasında sədrlik edən təqsirləndirilən şəxsin müdafiəçisini və ya növbə ilə təqsirləndirilən şəxslərin müdafiəçilərini (soyadı, adı, atasının adı, hansı vəkillər kollegiyasının hansı qurumunda işləməsi) elan edir;

322.1.17. məhkəmə iclasında sədrlik edən cinayət prosesinin iştirakçılarına bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları izah edir və müdafiəçiyə etiraz etmək barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır;

322.1.18. müdafiəçiyə etiraz edildikdə məhkəmə müşavirə otağına getməmişdən əvvəl bu məsələyə dair cinayət prosesi iştirakçılarının fikrini öyrənməklə müşavirə otağına gedir və etirazın təmin edilib-edilməməsi məsələsini həll edir, qayıtdıqdan sonra məhkəmənin qəbul etdiyi əsaslandırılmış qərarı elan edir (etiraz təmin edildikdə məhkəmə baxışı təxirə salınır və yalnız işə yeni cəlb edilmiş müdafiəçiyə icraatın materialları ilə tanış olmaq imkanı təmin edildikdən sonra təzələnir);

322.1.19. məhkəmə iclasında sədrlik edən zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının və mülki cavabdehin qanuni nümayəndəsinin, habelə nümayəndəsinin kim olduğunu elan edir, cinayət prosesinin iştirakçılarına zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsinə bu Məcəllənin 114-cü maddəsinə əsasən etiraz etmək hüququnu və etiraz etmək üçün əsasları izah edir;

322.1.20. zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsinə etiraz edildikdə, məhkəmə müşavirə otağına getməmişdən əvvəl bu məsələyə dair cinayət prosesi iştirakçılarının, ilk növbədə dövlət ittihamçısının və təqsirləndirilən şəxsin, onun müdafiəçisinin fikrini öyrənməklə, müşavirə otağına gedir, etirazın təmin edilib-edilməməsi məsələsini həll edir, qayıtdıqdan sonra məhkəmənin qəbul etdiyi əsaslandırılmış qərarı elan edir (zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsinə etiraz təmin edildikdə, məhkəmə baxışı təxirə salınır və yalnız işə yeni cəlb edilmiş müvafiq şəxsin nümayəndəsinə icraatın materialları ilə tanış olmaq imkanı təmin edildikdən sonra təzələnir);

322.1.21. məhkəmə iclasında sədrlik edən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda növbə ilə kimin mütəxəssis və ekspert olduğunu (soyadı, adı, atasının adı, təhsili, elmi dərəcəsi, tutduğu vəzifə) elan edir;

322.1.22. məhkəmə iclasında sədrlik edən cinayət prosesinin iştirakçılarına mütəxəssis və ya ekspertə etiraz etmək hüququnu və onlara etiraz etmək üçün bu Məcəllənin 117 və 118-ci maddələrində nəzərdə tutulmuş müvafiq əsasları izah edir;

322.1.23. mütəxəssis və ya ekspertə etiraz edildikdə, məhkəmə müşavirə otağına getməmişdən əvvəl bu məsələyə dair cinayət prosesi iştirakçılarının, ilk növbədə, dövlət ittihamçısının və təqsirləndirilən şəxsin, onun müdafiəçisinin fikrini öyrənməklə, etirazın təmin edilib-edilməməsi məsələsini həll edir, qayıtdıqdan sonra məhkəmənin qəbul etdiyi əsaslandırılmış qərarı elan edir (ekspertə etiraz təmin edildikdə məhkəmə baxışı təxirə salınır, məhkəmə cinayət prosesi tərəflərinin fikrini nəzərə almaqla başqa ekspertin təyin edilməsi haqqında qərar qəbul edir, ibtidai istintaq zamanı ekspertiza aparmış və ya müdafiə tərəfinin hesabına ekspertiza aparmaq üçün məhkəməyə dəvət edilmiş ekspertə etiraz edildikdə, məhkəmə iclasında sədrlik edən həmin tərəfdən yenə də ekspertizanın aparılmasını öz hesabına başqa ekspertə tapşırıb-tapşırmayacağını soruşur və müsbət cavab aldıqda tərəfə yeni ekspertin dəvət edilməsi üçün zəruri vaxt ayırır, məhkəmə baxışı yalnız yeni ekspertə zəruri materiallarla tanış olmaq üçün və ekspert rəyinin hazırlanması üçün imkan verildikdən sonra təzələnir, lakin hər bir halda həmin müddət ekspertizanın təyin edildiyi vaxtdan 15 (on beş) gündən artıq ola bilməz, məhkəmə baxışı təzələndikdən sonra yeni dəvət edilmiş ekspertə etiraz haqqında məsələ ümumi qaydada həll edilir, ekspertə etiraz etmə ilə bağlı olan yuxarıda göstərilən qaydalar mütəxəssisə etiraz edildikdə də tətbiq edilir);

322.1.24. məhkəmə iclasında sədrlik edən ekspertə və mütəxəssisə onların bu Məcəllənin müvafiq olaraq 96 və 97-ci maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir.

322.2. Məhkəmə baxışının açılışı ilə ilkin hərəkətləri apardıqdan sonra məhkəmə cinayət prosesi tərəflərinin məhkəmə istintaqının aparılmasından əvvəl verdikləri vəsatətlərin baxılmasına başlayır.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin