Maddə 323. Məhkəmə istintaqının aparılmasından əvvəl cinayət prosesi tərəflərinin vəsatət verməsi və həmin vəsatətlərin həlli
323.1. Məhkəmə istintaqına başlamazdan əvvəl məhkəmə iclasında sədrlik edən növbə ilə cinayət prosesi tərəflərindən hər birinin aşağıdakı məsələlərə dair vəsatətlərinin olub-olmamasını aydınlaşdırır:
323.1.1. yeni sübutların tələb edilməsi və cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə əlavə edilməsi haqqında;
323.1.2. əlavə şahid, ekspert və ya mütəxəssisin çağırılması haqqında;
323.1.3. ekspertizanın təyin edilməsi haqqında;
323.1.4. maddi sübutların və sənədlərin tələb edilməsi haqqında.
323.2. Vəsatət vermiş şəxs hansı halların müəyyən edilməsi üçün əlavə sübutların zəruri olduğunu göstərməlidir.
323.3. Məhkəmə iclasında sədrlik edən cinayət prosesi tərəflərinin sübut kimi yolverilməz olan sənədlərin məhkəmə baxışından xaric edilməsi haqqında vəsatətlərinin olub-olmamasını aydınlaşdırmalıdır.
323.4. Cinayət prosesi tərəflərinin hər hansı birinin verdiyi vəsatəti məhkəmə əvvəlcədən digər tərəfin fikrini dinlədikdən sonra müzakirə etməlidir.
323.5. Aşağıdakı hallarda məhkəmə bu Məcəllənin 323.1-ci maddəsində göstərilən vəsatətləri təmin etməlidir:
323.5.1. cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda;
323.5.2. sübut əhəmiyyəti mübahisə doğuran məlumat və sənədlər bu Məcəllənin və Azərbaycan Respublikasının digər qanunlarının tələblərinin əhəmiyyətli dərəcədə pozulması ilə əldə edildikdə.
323.6. Vəsatətin rədd edilməsi haqqında məhkəmə əsaslandırılmış qərar çıxarır. Vəsatəti rədd edilmiş şəxs işin sonrakı baxışından asılı olaraq həmin vəsatəti təkrarən vermək hüququna malikdir.
323.7. Məhkəmə öz təşəbbüsü ilə şahidlərin məhkəmə iclasına çağırılması, ekspertizanın təyin edilməsi, başqa sübutların tələb edilməsi, habelə məhkəmə baxışından yolverilməz sənədlərin xaric edilməsi haqqında qərar çıxarmaq hüququna malikdir.
Dostları ilə paylaş: |