XLIII fəsil
Məhkəmə istintaqı
Maddə 324. Məhkəmə istintaqının başlanması
324.1. Məhkəmə baxışının açılışına dair bütün ilkin hərəkətləri apardıqdan və bu Məcəllənin 322 və 323-cü maddələrində göstərilən etiraz və vəsatətlərə baxdıqdan sonra məhkəmə iclasında sədrlik edən məhkəmə istintaqına başlamasını elan edir.
324.2. Məhkəmə istintaqı aşağıdakı hərəkətlərlə başlanır:
324.2.1. cinayət işinə və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına baxılması ilə əlaqədar dövlət ittihamçısı tərəfindən müvafiq olaraq ittiham aktının nəticəvi hissəsinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun ittihamın irəli sürülməsinə dair hissəsinin elan edilməsi ilə;
324.2.2. xüsusi ittiham qaydasında şikayətə baxılması ilə əlaqədar — xüsusi ittihamçı və ya onun nümayəndəsi tərəfindən şikayətin elan edilməsi ilə.
324.3. Bundan sonra məhkəmə iclasında sədrlik edən təqsirləndirilən şəxsə aşağıdakıları izah edir:
324.3.1. ona qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini;
324.3.2. ona istinad edilən əməllərin hüquqi tövsifini və həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı;
324.3.3. təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddianın əsaslarını və məbləğini;
324.3.4. təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı təqsirini boynuna alması və ya almaması ilə bağlı olmadığını;
324.3.5. təqsirləndirilən şəxsin məhkəmə iclasında verilmiş suallara cavab verməyə borclu olmadığını;
324.3.6. təqsirləndirilən şəxsin suala cavab verməkdən imtina etməsinin onun ziyanına şərh edilə bilinməyəcəyini;
324.3.7. təqsirləndirilən şəxsin özünün hər hansı cavabını əsaslandırmaq hüququna malik olduğunu.
324.4. Daha sonra məhkəmə iclasında sədrlik edən təqsirləndirilən şəxslərin hər birinə aşağıdakı suallarla müraciət edir:
324.4.1. özünü təqsirli bilib-bilməməsi, əgər bilirsə, tam və ya qismən və məhz hansı əməldə bildiyini;
324.4.2. ona qarşı verilmiş mülki iddianı qəbul edib-etməməsi, əgər edirsə, tam və ya qismən qəbul etməsini.
324.5. Bundan sonra məhkəmə iclasında sədrlik edənin icazəsi ilə cinayət prosesinin tərəfləri təqsirləndirilən şəxsin bu Məcəllənin 324.4-cü maddəsində göstərilən suallara verdiyi cavabları dəqiqləşdirmək hüququna malikdirlər.
Dostları ilə paylaş: |