Maddə 328. Şahidin dindirilməsi
328.1. Məhkəmə iclasında şahidlər ayrı-ayrılıqda və dindirilməmiş şahidlərin iştirakı olmadan dindirilirlər.
328.2. Şahidin dindirilməsindən əvvəl məhkəmə iclasında sədrlik edən onun şəxsiyyətini müəyyən edir və ona aşağıdakıları izah edir:
328.2.1. özünün və ya yaxın qohumunun əleyhinə ifadə verməkdən imtina etmək hüququnu;
328.2.2. məhkəmədə baxılan ittihamla əlaqədar ona məlum olan bütün halları düzgün danışmağın məhkəmədə ifadə verən şahidin vəzifəsi olduğunu;
328.2.3. ifadə verməkdən imtina etməyə və ya bilə-bilə yalan ifadə verməyə görə məsuliyyətini.
328.3. Şahid ona məhkəmə tərəfindən bu Məcəllənin 328.2-ci maddəsində nəzərdə tutulmuş tələblərə müvafiq olaraq edilmiş izahları yazılı surətdə təsdiq edir. Şahidin bu iltizamı məhkəmə iclasının protokoluna əlavə edilir.
328.4. Şahid ifadə verməmişdən əvvəl məhkəmə iclası katibinin sözlərini onun ardınca təkrar edərək aşağıdakı məzmunda and içir:
«Həqiqəti və məhkəmədə baxılan cinayət təqibi ilə bağlı mənə məlum olan bütün halları məhkəməyə söyləyəcəyimə and içirəm». And içmə barədə məhkəmə iclasının protokolunda qeydiyyat aparılır. 16 (on altı) yaşına çatmamış şahid bunun əvəzinə yalnız həqiqəti danışacağına və heç nəyi gizlətməyəcəyinə şifahi vəd verir və bu barədə məhkəmənin iclas protokolunda müvafiq qeydiyyat aparılır.
328.5. Məhkəmə iclasında sədrlik edən şahidin təqsirləndirilən şəxsə, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsə və onun nümayəndəsinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və icraatda iştirak edən digər şəxslərə münasibətini aydınlaşdırır və baxılan ittihamla əlaqədar məlum olanlar barədə ifadə verməyi təklif edir. Məhkəmə heç kəsə şahidin sərbəst ifadəsini kəsməyə imkan vermir.
328.6. Məhkəmə iclasına cinayət prosesi tərəflərindən birinin vəsatəti üzrə çağırılmış şahid aşağıdakı ardıcıllıqla dindirilir:
328.6.1. vəsatət vermiş şəxs;
328.6.2. bu tərəfə aid olan digər şəxslər;
328.6.3. əks tərəfə aid olan şəxslər;
328.6.4. məhkəmə.
328.7. Məhkəmənin təşəbbüsü ilə çağırılmış şahidi əvvəl ittiham tərəfi, sonra müdafiə tərəfi, daha sonra isə məhkəmə dindirir.
328.8. Cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zərurət olduqda cinayət prosesi tərəflərindən birinin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə və yalnız onun əsaslandırılmış qərarı əsasında 16 (on altı) yaşına çatmamış şahidin məhkəmə iclasında təqsirləndirilən şəxsin iştirakı olmadan dindirilməsinə yol verilə bilər. Bütün hallarda 16 (on altı) yaşına çatmamış şahidin ifadələri təqsirləndirilən şəxsə elan edilir və ona öz müdafiəçisi vasitəsilə həmin şahidə suallar vermək imkanı yaradılır. Məhkəmə iclası zalına qayıtdıqdan sonra təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamış şahidin verdiyi məlumatlarla əlaqədar öz ifadələrini vermək hüququna malikdir.
328.9. Cinayət prosesi tərəflərinin vəsatəti əsasında və ya öz təşəbbüsü ilə on altı yaşına çatmamış şahidin məhkəmənin iclas zalında qalmasının məhkəmə tərəfindən zəruri hesab edildiyi hallar istisna olmaqla, o, dindirildikdən sonra məhkəmənin iclas zalını tərk etməlidir.
Dostları ilə paylaş: |