Maddə 401. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması
401.1. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız aşağıdakılara təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir:
401.1.1. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə;
401.1.2. ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə;
401.1.3. cəza tədbirinin müəyyən edilməsinə;
401.1.4. tibbi və ya tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə;
401.1.5. hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə.
401.2. Aşağıdakı hallarda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir:
401.2.1. məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə;
401.2.2. birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda;
401.2.3. birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda;
401.2.4. birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda.
Dostları ilə paylaş: |