Maddə 417. Kassasiya şikayəti və ya kassasiya protestinin daxil olması barədə bildiriş
417.1. Kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsinə daxil olduğu vaxtdan məhkəmə 3 (üç) gün müddətində onların surətlərini həmin kassasiya şikayəti və ya kassasiya protesti mənafelərinə toxunan, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslərə verir və ya çatdırır və onlara 20 (iyirmi) gün müddətində kassasiya şikayətinə və ya kassasiya protestinə öz etirazlarını bildirmək və digər şəxslərin etirazları ilə tanış olmaq hüququnu izah edir.
417.2. Kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olan şəxslər kassasiya instansiyası məhkəməsinə daxil olmuş kassasiya şikayəti və ya kassasiya protesti və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə tanış olmaq, habelə onlardan lazımi məlumatların çıxarışlarını etmək hüququna malikdirlər.
417.3. Kassasiya şikayətinə və ya kassasiya protestinə etirazlar bilavasitə kassasiya instansiyası məhkəməsinə verilir.
Dostları ilə paylaş: |