Maddə 452. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə hakimin qərarından şikayətin və ya protestin verilməsi
452.1. Elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, hakimin qərarından aşağıdakı qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər:
452.1.1. bilavasitə apellyasiya instansiyası məhkəməsinə;
452.1.2. qərarı qəbul etmiş məhkəmənin vasitəsilə;
452.1.3. həbs yerinin müdiriyyətinin vasitəsilə (yalnız şikayət üçün).
452.2. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərardan təqsirləndirilən şəxsin şikayətini aldıqda, həbs yerinin müdiriyyəti təxirə salmadan aşağıdakı hərəkətləri yerinə yetirməlidir:
452.2.1. şikayəti qeydə almaq;
452.2.2. şikayəti hakimi tərəfindən həmin qərarı qəbul etmiş məhkəməyə göndərmək;
452.2.3. şikayətin daxil olması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yazılı məlumat vermək.
452.3. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərardan şikayəti və ya protesti almış birinci instansiya məhkəməsi təxirə salmadan aşağıdakı hərəkətləri yerinə yetirməlidir:
452.3.1. şikayəti və ya protesti qeydə almaq.
452.3.2. onları məhkəmədə olan materiallarla birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmək;
452.3.3. şikayətin və ya protestin daxil olması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, təqsirləndirilən şəxsə, habelə (məsələnin baxılmasında birinci instansiya məhkəməsində iştirak etdikləri halda) onun müdafiəçisinə və ya qanuni nümayəndəsinə yazılı məlumat vermək.
452.4. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə hakimin qərarından protest və ya şikayət almış apellyasiya instansiyası məhkəməsi təxirə salmadan aşağıdakı hərəkətləri yerinə yetirməlidir:
452.4.1. birinci instansiya məhkəməsindən həbsə və ya həbsdə saxlama müddətinin uzadılmasına dair məsələnin baxılmasına aid olan materialları tələb etmək;
452.4.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurordan həbsin tətbiqinin və ya həbsdə saxlama müddətinin uzadılmasının zəruriliyini təsdiq edən materialları tələb etmək.
452.5. Aşağıdakı hallarda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həbs və ya həbsdə saxlama müddətinin uzadılması barədə məsələnin baxılmasına aid olan materialları təxirə salmadan apellyasiya instansiyası məhkəməsinə göndərməlidir:
452.5.1. həbs yerinin müdiriyyətindən şikayətin verilməsi haqqında bildiriş aldıqda;
452.5.2. apellyasiya instansiyası məhkəməsinin tələbnaməsini aldıqdan sonra.
Dostları ilə paylaş: |