Maddə 492. Hüquqi yardımın göstərilməsindən imtina
492.1. Hüquqi yardımın göstərilməsindən "Cinayət işlərinə dair hüquqi yardım haqqında" Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsi ilə nəzərdə tutulmuş əsaslarla imtina edilir.
492.2. Hüquqi yardımın göstərilməsindən imtinanın əsasları barədə sorğu edən xarici dövlətə cavab verilir.
Maddə 493. Şəxsin verilməsi haqqında rəsmi müraciətin məzmunu
493.1. Şəxsin verilməsi haqqında rəsmi müraciətdə aşağıdakılar göstərilməlidir:
493.1.1. Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanının adı;
493.1.2. xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyət orqanının adı;
493.1.3. icraatı üzrə hüquqi yardımın göstərilməsi xahiş edilən cinayət işinin adı və ona dair qısa arayış;
493.1.4. əməlin faktiki hallarının təsviri və sorğu edən dövlətin əsasında əməlin cinayət hesab edildiyi qanunun mətni;
493.1.5. verilməli olan şəxsin soyadı, adı, atasının adı, onun vətəndaşlığı, yaşayış yeri və ya olduğu yer, mümkün olduqda onun xarici görkəminin təsviri və onun şəxsiyyəti barədə digər məlumatlar;
493.1.6. cinayət nəticəsində vurulmuş zərərin məbləği.
493.2. Cinayət təqibinin həyata keçirilməsi üçün şəxsin verilməsi xahişi ilə rəsmi müraciətə həbsə alma haqqında qərarın təsdiq edilmiş surəti və əməlin cinayət olmasını, cinayət məsuliyyətinə cəlb etmə müddətlərini müəyyən edən cinayət qanununun maddələrinin mətni əlavə edilməlidir.
493.3. Hökmün icra edilməsi üçün şəxsin verilməsi xahişi ilə rəsmi müraciətə qanuni qüvvəyə minmiş hökmün təsdiq edilmiş surəti, onun məhkum edildiyi cinayəti və ittiham hökmünün icra müddətlərini müəyyən edən cinayət qanununun maddələrinin mətni əlavə edilməlidir. Məhkum cəzanın bir hissəsini çəkdikdə bu barədə də məlumatlar verilir.
Dostları ilə paylaş: |