Maddə 495. Verilməsi üçün şəxsin həbsə alınması
495.1. Xarici dövlətin səlahiyyətli hakimiyyət orqanından hər hansı şəxsin verilməsi barədə xahişi və onun həbsə alınması haqqında qərarın surətini aldıqdan sonra Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanı zərurət olduqda və bu Məcəllənin müddəalarına riayət etməklə şəxsin verilməsi haqqında qərar qəbul edilənədək onun tutulması və həbsə alınması üçün tədbirlər görə bilər. Həmin şəxsin barəsində həbs qətimkan tədbiri Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanının vəsatəti və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurorun təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən tətbiq edilə bilər.
495.2. Verilməsi üçün şəxsin həbsə alınması bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir.
495.3. Təxirəsalınmaz hallarda Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanı bu Məcəllənin müddəalarına riayət etməklə xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyәt orqanının vəsatəti əsasında hüquqi yardım göstərilməsi qaydasında, həmçinin barəsində verilməsi xahişi ilə rəsmi müraciət daxil olmamış şəxsi də tutmaq səlahiyyətinə malikdir. Belə halda müvafiq vəsatət:
495.3.1. əvvəlcədən poçt, teleqraf, teleks və ya telefaks vasitəsi ilə alınmalı;
495.3.2. həmin vəsatət həbsə alma haqqında qərara və ya qanuni qüvvəyə minmiş hökmə istinadı əks etdirməlidir;
495.3.3. şəxsin verilməsi xahişi ilə rəsmi müraciətin əlavə olaraq yaxın 48 saat müddətində təqdim ediləcəyini təsdiq etməlidir.
495.3-1. Rəsmi müraciət alınanadək şəxsin həbsə alınması barədə xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyәt orqanının vəsatəti olduqda və ya alınmış rəsmi müraciətə həbsə alma haqqında qərarın təsdiq edilmiş surəti əlavə olunmadıqda şəxsin verilməsi üçün həbsə alınması yalnız onun verilməsi üçün kifayət qədər ciddi əsasların mövcudluğunun məlum olduğu hallarda mümkündür.
495.4. Azərbaycan Respublikasının cinayət təqibi orqanı şəxsin verilməsi xahişi barəsində rəsmi müraciət əsasında həmin şəxsin tutulması və ya həbs edilməsi, habelə belə müraciət alınanadək hüquqi yardım göstərilməsi qaydasında xarici dövlətin vəsatəti əsasında onun tutulması barədə dərhal xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyət orqanını məlumatlandırır.
495.5. Bu Məcəllənin 495.1 və 495.3-cü maddələrinin müddəalarına müvafiq olaraq tutulmuş şəxs cinayət təqibi orqanlarının hərəkətlərindən şikayətlə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin şikayətə bu Məcəllənin 449-451-ci maddələrində müəyyən edilmiş qaydada baxılır.
495.6. Şəxsin cinayət təqibinin həyata keçirilməsi məqsədi ilə verilməsi üçün həbsə alınmasından şikayət verməsi və ona baxılması ilə bağlı məsələlər bu Məcəllənin 452-453-cü maddələrində müəyyən edilmiş qaydada həyata keçirilir.
495.7. Verilməsi üçün tutulmuş və həbs edilmiş şəxs, barəsində prosessual məcburiyyət tədbirləri tətbiq edilən şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarına malikdir.
495.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, verilməsi üçün şəxsin həbsə alınması müddəti bu Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilir. Bu müddət şəxsin verilməsinə dair rəsmi müraciətə əlavə edilmiş həbsə alma haqqında qərarda nəzərdə tutulan müddətdən çox ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, verilməsi üçün şəxsin həbsə alınması müddətinin uzadılması bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Dostları ilə paylaş: |