Maddə 520. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə məhkəmə iclasında baxılması
520.1. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 10 (on) gündən gec olmayaraq məhkəmə iclasında baxılır.
520.2. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlər üzrə məhkəmə iclasında iştirak etmək hüququna aşağıdakı şəxslər malikdirlər:
520.2.1. məhkum və onun müdafiəçisi və ya qanuni nümayəndəsi;
520.2.2. hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi vəzifəsi üzərinə qoyulmuş müəssisə və ya orqanın nümayəndəsi;
520.2.3. prokuror.
520.3. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə əlaqədar məsələlərə baxılması üzrə məhkəmə iclasında müdafiəçinin iştirakı məcburidir.
520.4. Məhkumun xəstəliyə görə cəzadan azad edilməsi yaxud onun xəstəxanaya yerləşdirilməsi məsələsinə dair və məsələ mülki iddiaya aid olduqda, məhkəmə iclasına həmçinin müvafiq olaraq rəy vermiş həkim komissiyasının nümayəndəsi, mülki iddiaçı və ya onun nümayəndəsi çağırıla bilər. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlər üzrə hakim məhkəmə iclasında ifadələri dinləmək, müraciətdə göstərilən halları təsdiq və ya təkzib edən şəxsləri çağırıb dindirmək, müraciətin əsaslılığının yoxlanılması üçün zəruri olan sənəd və maddi sübutlar tələb etmək hüququna malikdir.
520.5. Müdafiəçinin iştirakı məcburi olan hallar istisna edilməklə hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətin baxılma yeri və vaxtı haqqında vaxtında məlumatlandırılmış bu Məcəllənin 520.2-ci maddəsində göstərilən şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur.
520.6. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlər üzrə məhkəmə iclası aşağıdakı ardıcıllıqla aparılır:
520.6.1. hakim məhkəmə iclasını açır, baxılan müraciəti elan edir, məhkəmə iclası iştirakçılarının səlahiyyətlərini yoxlayır və onlara hüquq və vəzifələrini izah edir;
520.6.2. müraciət etmiş şəxs və ya onun nümayəndəsi müraciəti şifahi əsaslandırır, hakimin və məhkəmə iclasının digər iştirakçılarının suallarına cavab verir;
520.6.3. məhkəmə iclasında müraciətlə mənafeyinə toxunulan şəxslər, habelə onların müdafiəçiləri və nümayəndələri iştirak etdikdə, onlara izahat vermək və etirazlarını bildirmək imkanı yaradılır;
520.6.4. məhkəmə iclasında iştirak edən şəxslər baxılan məsələ üzrə çıxış edir və hakim onlara təqdim olunmuş sübutların tədqiqində iştirak etmək imkanı yaradır;
520.6.5. prokuror öz yekun sözündə məhkəməyə müraciətin təmin və ya rədd edilməsini təklif edir;
520.6.6. hakim bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə müvafiq olaraq müraciətin təmin və ya rədd edilməsi barədə qərar çıxarır və onu iştirak edən şəxslərə dərhal elan edir.
520.6-1. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair məhkəmənin qərarı bu Məcəllənin 520.1-ci maddəsində göstərilən müddət daxilində çıxarılmalı və qərarın surəti elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq bu Məcəllənin 520.2-ci maddəsində göstərilən şəxslərə verilməlidir.
520.7. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti yaxud protesti verilə bilər.
Dostları ilə paylaş: |