Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 101. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndələri



Yüklə 2,96 Mb.
səhifə88/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   84   85   86   87   88   89   90   91   ...   466
Maddə 101. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndələri

 

101.1. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir.



101.2. Cinayət prosesini həyata keçirən orqan öz qərarı ilə müvafiq olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynlərindən, övladlığa götürənlərdən, qəyyumlardan, yaxud himayəçilərdən yalnız birini onun qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxır.

101.3. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi qismində cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə müvafiq şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs cinayət prosesində iştirak etmək üçün buraxıla bilməz.

101.4. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin qanuni nümayəndəsi qismində tanındıqdan sonra şəxsin həmin qisimdə qalmasına əsasların olmadığı müəyyən edildikdə, cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı ilə onun cinayət prosesində iştirakına xitam verilir. Zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs yetkinlik yaşına çatdıqda və ya fəaliyyət qabiliyyətini əldə etdikdə cinayət prosesində onun qanuni nümayəndəsinin iştirakına da xitam verilir.

101.5. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

101.5.1. ittihamın (şübhəli şəxsin qanuni nümayəndəsi şübhənin) mahiyyətini bilmək;

101.5.2. təmsil etdiyi şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılmasını bilmək və onu müşayiət etmək;

101.5.3. söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan təmsil etdiyi şəxslə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq;

101.5.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda cinayət prosesini həyata keçirən orqanın təklifi ilə bu orqanın apardığı istintaq və ya digər prosessual hərəkətlərdə, habelə təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;

101.5.5. izahatlar vermək;

101.5.6. cinayət işinə əlavə və ya məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;

101.5.7. etirazlar etmək və vəsatətlər vermək;

101.5.8. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlər protokoluna yazılmasını tələb etmək;

101.5.9. özünün və ya təmsil etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclasının protokolu ilə tanış olmaq; iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətin protokolunda yazılanların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə iclasında iştirak edərkən qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;

101.5.10. təmsil etdiyi şübhəli və ya təqsirləndirilən şəxsin tutulması, həbsə alınması və ya həbsdə saxlanılmasının qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq;

101.5.11. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, təmsil etdiyi şəxsə aid zəruri sənədlərin surətlərini çıxarmaq;

101.5.12. birinci və apellyasiya instansiyası məhkəməsinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;

101.5.13. təmsil etdiyi zərər çəkmiş və ya təqsirləndirilən şəxsin müvafiq olaraq nümayəndəsi, yaxud müdafiəçisi olmadıqda, birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nitq və replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;

101.5.14. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və təmsil etdiyi şəxsin, habelə özünün hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və cinayət prosesini həyata keçirən orqandan öz xahişi ilə bu qərarların surətini əldə etmək;

101.5.15. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və ya hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından şikayət vermək;

101.5.16. verdiyi hər hansı şikayətdən imtina etmək;

101.5.17. cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan hissədə öz etirazını bildirmək;

101.5.18. təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan şikayətlə əlaqədar məhkəmə iclasında cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə baxılmasında və işin materiallarının tədqiqində iştirak etmək; 

101.5.19. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;

101.5.20. digər tərəfin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;

101.5.21. təmsil etdiyi şəxs üçün müvafiq müdafiəçi və nümayəndə dəvət etmək və onların səlahiyyətlərinə xitam vermək;

101.5.22. cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsi və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyanın kompensasiyasını almaq;

101.5.23. təmsil etdiyi şəxsdən cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut kimi və ya digər əsaslarla götürülmüş əmlakı, habelə ona məxsus olan rəsmi sənədlərin əslini geri almaq; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən təmsil etdiyi şəxsə məxsus əmlakı geri almaq;

101.5.24. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

101.6. Fəaliyyət qabiliyyəti olmayan zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi cinayət prosesi zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, təmsil etdiyi şəxsin hüquqlarını həyata keçirir.

101.7. Məhdud fəaliyyət qabiliyyətli şəxsin qanuni nümayəndəsi aşağıdakılara haqlıdır:

101.7.1. təmsil etdiyi zərər çəkmiş şəxsin razılığı ilə onun adından həyata keçirilən ittihamdan imtina etmək, habelə onun müdafiəçisinin səlahiyyətlərinə xitam vermək;

101.7.2. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin ona qarşı törədilməsi haqqında şikayətdən imtina etmək, müvafiq olaraq zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxslə, yaxud mülki cavabdehlə barışmaq, verdiyi mülki iddiadan imtina etmək, ona qarşı verilmiş mülki iddianı qəbul etmək, habelə onun hüquq və qanuni mənafeyinin müdafiəsi üçün verilmiş şikayətdən imtina etmək;

101.7.3. təmsil etdiyi şəxsin niyyətini bilmək.

101.8. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi təmsil etdiyi şəxsin qanuni mənafeyi əleyhinə hər hansı hərəkəti etməyə, o cümlədən təqsirləndirilən şəxsin adından müdafiəçidən imtina etməyə haqlı deyil.

101.9. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, mülki cavabdehin qanuni nümayəndəsi aşağıdakı vəzifələri yerinə yetirməlidir:

101.9.1. cinayət prosesini həyata keçirən orqana qanuni nümayəndə səlahiyyətlərini təsdiq edən sənədləri təqdim etmək;

101.9.2. cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlmək;

101.9.3. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat aparmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;

101.9.4. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

101.9.5. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmə iclası zalını tərk etməmək;

101.9.6. məhkəmə iclasında qaydaya riayət etmək;

101.9.7. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

101.9.8. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

101.10. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi şahid qismində dindirilə bilər.

101.11. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi şəxsən və ya təmsil etdiyi şəxsin nümayəndəsinin köməyi ilə hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin