Maddə 134. İstintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları
134.1. İstintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir.
134.2. Cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş aşağıdakı istintaq hərəkətlərinin protokolları sübut kimi istifadə oluna bilər:
134.2.1. baxış;
134.2.2. şəxsi müayinə;
134.2.3. şəxsin və əşyaların tanınması;
134.2.4. götürmə;
134.2.5. axtarış;
134.2.6. əmlak üzərinə həbs qoyulması;
134.2.7. poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulması;
134.2.8. telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi;
134.2.9. maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi;
134.2.10. meyitin qəbirdən çıxarılması (ekshumasiya);
134.2.11. dindirmə, üzləşdirmə və ifadəni yerində yoxlama;
134.2.12. ekspertiza və ya tədqiqat üçün nümunələri götürmə;
134.2.13. istintaq eksperimenti.
134.3. Cinayət barədə şifahi ərizənin qəbulu, təqsirini boynuna almaqla könüllü gəlmə, tutulma, şəxslərə hüquq və vəzifələrini izah etmə protokolları faktı təsdiq edən sübut növü kimi istifadə oluna bilər.
134.4. Qeydiyyatdan keçirilməyən və ya vaxtında qeydiyyatdan keçirilməyən istintaq hərəkətlərinin protokollarının sübut kimi qəbul edilməsi məhkəmə tərəfindən keçirilmiş araşdırmanın nəticəsindən asılı olaraq həll edilir.
134.5. İstintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz.
Dostları ilə paylaş: |