Maddə 160. Himayə və əmlaka nəzarət etmə hüququ
160.1. Valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır.
160.2. Həbsə alınma, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində əmlakı baxımsız qalmış şəxs onun əmlakına nəzarət edilməsi hüququna malikdir. Göstərilən orqan həmin şəxsin əmlakına nəzarət edilməsi barədə xahişini onun hesabına təmin etməlidir. Şəxsin əmlakına nəzarət edilməsinin təşkili barədə cinayət prosesini həyata keçirən orqanın göstərişi müvafiq dövlət orqanları, müəssisə, idarə və təşkilatlar üçün məcburidir.
160.3. Cinayət prosesini həyata keçirən orqan bu maddəyə uyğun görülmüş tədbirlər barədə həbsdə saxlanılan şəxsə və ya digər maraqlı şəxsə təxirə salınmadan məlumat verməlidir.
Dostları ilə paylaş: |