Maddə 181. Mülki iddia vermək hüququ olan şəxslər
181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır:
181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda;
181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda.
181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər:
181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini;
181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini;
181.2.3. itirilmiş gəlirin ödənilməsini;
181.2.4. mənəvi ziyanın ödənilməsini.
181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir:
181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə;
181.3.2. zərər çəkmiş şəxsin dəfninə;
181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə;
181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər.
181.4. Cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər.
181.5. Cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir.
181.6. Cinayət mühakimə icraatı zamanı dövlət əmlakının mühafizəsi, habelə mülki iddia vermək hüququ olan fiziki şəxsin öz qanuni mənafelərini şəxsən müdafiə etmək imkanı olmadıqda, prokuror onların hüquqlarının müdafiəsi üçün mülki iddia verir və onu müdafiə edir. Mənəvi ziyanın ödənilməsinə dair iddianı prokuror yalnız zərər çəkmiş şəxsin xahişi ilə verə bilər.
181.7. Cinayət mühakimə icraatı zamanı prokuror təqsirləndirilən şəxsə və ya onun hərəkətlərinə görə cavabdeh olan şəxsə qarşı aşağıdakı hallarda iddia verir və onu müdafiə edir:
181.7.1. dövlət mənafeyinin müdafiəsi üçün dövlət idarə, müəssisə və ya təşkilatının müraciəti olduqda;
181.7.2. mülki iddia vermək hüququna malik olan fiziki şəxsin fəaliyyət qabiliyyəti olmadıqda və ya o, məhdud fəaliyyət qabiliyyətli olduqda.
Dostları ilə paylaş: |