Cinayət mühakimə icraatında müddətlər
Maddə 202. Müddətlərin hesablanması
202.1. Cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır.
202.2. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır.
202.3. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır.
202.4. Cinayət mühakimə icraatı zamanı şikayət və ya digər sənəd müddət keçənədək poçta, həbsdə olan və tibbi müəssisələrə yerləşdirilmiş şəxslər üçün isə şikayət və ya digər sənəd müddət keçənədək həbs yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmişsə, müddət buraxılmış sayılmır. Şikayətin və ya digər sənədin poçta verilməsi tarixi poçtun ştempeli, həbs yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmə tarixi isə dəftərxananın, yaxud həmin müəssisələrin vəzifəli şəxslərinin qeydlərinə əsasən müəyyən edilir.
202.5. Cinayət mühakimə icraatı zamanı vəzifəli şəxslərin müəyyən olunmuş müddətlərə riayət etməsi prosessual sənədlərdə müvafiq qeydlərlə təsdiq olunur. Cinayət prosesində iştirak edən şəxslərə təqdim olunması nəzərdə tutulmuş sənədlərin onlar tərəfindən alınması həmin şəxslərin işə əlavə edilmiş qəbzləri ilə təsdiq olunur.
Dostları ilə paylaş: |