Maddə 210. Cinayət işinin başlanması qaydası
210.1. Bu Məcəllənin 209-cu maddəsində nəzərdə tutulmuş hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət işinin başlanması barədə qərar çıxarır.
210.2. Cinayət işinin başlanması barədə qərarda aşağıdakılar göstərilməlidir:
210.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;
210.2.2. qərarı çıxarmış şəxsin soyadı, adı və atasının adı, vəzifəsi;
210.2.3. cinayət işinin başlanmasına səbəb, əsas və ya fakt;
210.2.4. cinayət işinin başlanmasına dair cinayəti nəzərdə tutan cinayət qanununun maddəsi;
210.2.5. cinayət işinin başlanmasından sonra onun ibtidai araşdırılma aparılması üçün icraata götürülməsi və ya verilməsi.
210.3. Cinayət işinin başlanması anında cinayətin törədilməsindən zərər çəkmiş şəxs məlum olduqda, cinayət işinin başlanması ilə eyni vaxtda həmin şəxs zərər çəkmiş kimi, cinayətin törədilməsi barədə məlumatla birlikdə mülki iddia verildikdə isə, bu şəxs həmin qərarda həmçinin mülki iddiaçı kimi tanınır.
210.4. Cinayət işinin başlanması barədə qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.
210.5. Cinayət işinin başlanması ilə eyni vaxtda davam edən və təkrar cinayətlərin qarşısının alınması, habelə cinayətin izlərinin, iş üçün əhəmiyyətli ola biləcək əşya və sənədlərin saxlanılması və mühafizəsi üçün tədbirlər görülməlidir.
210.6. Cinayət işinin başlanmasından sonra:
210.6.1. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin icraata götürülməsi və ibtidai istintaq aparılması üçün cinayət işini müstəntiqə göndərir və ya cinayət işini öz icraatına götürür və ibtidai istintaq aparır;
210.6.2. müstəntiq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroru cinayət işinin başlanması haqda məlumatlandırmaqla cinayət işi üzrə ibtidai istintaq aparır;
210.6.3. təhqiqatçı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroru cinayət işinin başlanması haqda məlumatlandırmaqla cinayət işi üzrə təhqiqat aparır.
Dostları ilə paylaş: |