Maddə 222. İbtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi
222.1. İbtidai araşdırma məlumatlarının yayılması, bu Məcəllənin 222.2 və 222.6-cı maddələrində nəzərdə tutulmuş hallardan başqa, yolverilməzdir.
222.2. İbtidai araşdırma məlumatları cinayət prosesinin iştirakçıları və jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.
222.3. Terrorçuluq cinayətləri, silahlı mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər üzrə davam edən ibtidai araşdırmanın məlumatlarının yayılmasına, habelə bu Məcəllənin 52-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına icazə verilmir (cinayət prosesi iştirakçılarının bu Məcəllə ilə müəyyən edilən prosessual hüquqlarının təmin edilməsi ilə bağlı olan hallar istisna olmaqla).
222.4. İbtidai araşdırma zamanı bu Məcəllənin 222.1—222.3-cü maddələrinin müddəalarına riayət edilməsinin təmin edilməsi məqsədi ilə müstəntiq və ya təhqiqatçı şahidə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya və mülki cavabdehə, onların nümayəndələrinə, mütəxəssislərə, ekspertlərə, tərcüməçilərə, hal şahidlərinə, müdafiəçilərə və digər şəxslərə onların razılığı olmadan ibtidai araşdırma məlumatlarının yayılmasının, o cümlədən bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və qaydada əldə edilmiş prosessual sənədlərin surətlərinin prosessual məqsədlərdən kənar yayılmasının yolverilməzliyi barədə yazılı xəbərdarlıq edir. Belə xəbərdarlıq edilməmişdirsə, yayılması cinayətin açılmasına, cinayət törətmiş şəxsin tutulmasına, ibtidai araşdırmanın normal gedişinə mane ola bilən məlumatların yayılmasına görə cinayət prosesini həyata keçirən şəxs məsuliyyət daşıyır.
222.5. Şəxsi həyatın toxunulmazlığının pozulması nəticəsində hər hansı şəxsə mənəvi və ya maddi ziyan vurulduqda həmin pozuntuya yol vermiş təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya hakim, habelə ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi haqqında xəbərdar edilmiş hər bir şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.
222.6. İctimai maraq kəsb etməsi, yanlış məlumatların yayılmasının qarşısının alınması və ya cinayətə görə məsuliyyətin labüdlüyünün nümayiş etdirilməsi ilə əlaqədar ibtidai araşdırma məlumatları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan tərəfindən bilavasitə və ya kütləvi informasiya vasitələri ilə açıqlana bilər. Bu zaman açıqlanan məlumat cinayət hadisəsi ilə bağlı əldə edilmiş ibtidai araşdırma nəticələrindən ibarət olmalı, davam edən ibtidai araşdırmanın maraqlarına, cinayət prosesinin digər iştirakçılarının şəxsi həyat toxunulmazlığı hüququna zidd olmayan həddə olmalı, təqsirsizlik prezumpsiyasına uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin cinayətə aidiyyəti ilə bağlı hissədə onun cinayəti törətməkdə şübhəli bilinməsinə dair həddi keçməməlidir.
222.7. Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı ilə yol verilir.
Dostları ilə paylaş: |