XXVIII fəsil
Dindirmə və üzləşdirmə
Maddə 226. Dindirməyə çağırışın qaydaları
226.1. Şahid, zərər çəkmiş, şübhəli, təqsirləndirilən şəxs və başqa şəxslər müstəntiqin yanına şəxsən, özləri olmadıqda isə onların yetkinlik yaşına çatmış ailə üzvlərindən, qonşularından, mənzil istismar təşkilatının nümayəndələrindən birinə və ya onların iş, yaxud təhsil yeri üzrə verilən çağırış vərəqəsi ilə çağırılırlar. Onlar həmçinin teleqram, telefonoqram, faksoqram vasitəsilə çağırıla bilərlər.
226.2. Çağırış vərəqəsində kimin, hansı prosessual qisimdə çağırıldığı, habelə çağırılan şəxsin haraya və nə vaxt (gəlmə günü və saatı) gəlməli olduğu göstərilir. Çağırış vərəqəsində çağırılan şəxsin gəlmədiyi halda onun bu Məcəllənin 178-ci maddəsində nəzərdə tutulmuş qaydada məcburi gətirilməyə məruz qala biləcəyi barədə xəbərdarlıq qeyd olunur.
226.3. Yetkinlik yaşına çatmayan şəxslər, bir qayda olaraq, onların qanuni nümayəndələri vasitəsi ilə çağırılırlar.
226.4. Həbsdə saxlanılan şübhəli və təqsirləndirilən şəxs həbs yerinin müdiriyyəti vasitəsilə çağırılır.
Dostları ilə paylaş: |