Maddə 245. Axtarış və ya götürmənin aparılması qaydası
245.1. Müstəntiq axtarış və ya götürmə haqqında qərara əsasən yaşayış binasına, yaxud digər binaya daxil olmaq hüququna malikdir.
245.2. Axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir.
245.3. Müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir.
245.4. Müstəntiq axtarış və ya götürmə faktlarının, habelə onların nəticələrinin və barəsində axtarış aparılan şəxsin şəxsi həyatının hallarının yayılmaması üçün tədbirlər görməlidir.
245.5. Müstəntiq axtarış və ya götürmə qurtaranadək axtarış və ya götürmənin aparıldığı yerdə olan şəxslərə oranı tərk etməyi, habelə öz aralarında və digər şəxslərlə ünsiyyətdə olmalarını qadağan edə bilər.
245.6. Götürmə apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədləri könüllü surətdə verməyi təklif edir, bundan imtina edildikdə isə götürməni məcburi aparır.
245.7. Axtarış apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədlərin könüllü surətdə verilməsini və gizlənən şəxsin yerinin könüllü göstərilməsini təklif edir. Əşya və sənədlər könüllü verildikdə və ya gizlənən şəxsin yeri könüllü göstərildikdə, bu, protokolda öz əksini tapmalıdır. Axtarılan əşya və sənədlər verilmədikdə və ya tam verilmədikdə, yaxud gizlənən şəxsin yeri göstərilmədikdə axtarış aparılır.
245.8. Axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir.
245.9. Axtarış və ya götürmə apararkən bağlı bina və saxlanc yerlərinin sahibləri onları könüllü surətdə açmaqdan imtina etdikdə müstəntiq həmin bina və saxlanc yerlərini açmağa haqlıdır.
245.10.Axtarış və ya götürmənin aparılması zamanı aşağıdakılar qadağan edilir:
245.10.1. qapıların, qıfılların, digər əşyaların lüzumsuz olaraq zədələnməsi və binada qaydanın pozulması;
245.10.2. kimyəvi və psixotrop maddələrin, habelə insanın səhhətinə və ətraf mühitə ziyan vura biləcək texniki vasitələrin və ya qurğuların istifadə edilməsi.
Dostları ilə paylaş: |