Maddə 280. İbtidai istintaq zamanı cinayət işi üzrə icraata xitam verilməsi qaydası
280.1. Cinayət işi üzrə icraata müstəntiqin əsaslandırılmış qərarına əsasən bu Məcəllənin 39—41 və 46.5-ci maddələrində nəzərdə tutulmuş hallarda xitam verilir.
280.2. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda aşağıdakılar göstərilməlidir:
280.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;
280.2.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
280.2.3. cinayət işi nə vaxt və kim tərəfindən başlanmışdır;
280.2.4. cinayət işinin başlanmasına səbəb və əsas olan hallar;
280.2.5. ibtidai istintaq zamanı müəyyən edilmiş hallar;
280.2.6. cinayət işi üzrə icraata xitam verilməsinin məcburiliyini şərtləndirən hallar;
280.2.7. bu Məcəllənin 39—41 və 46.5-ci maddələrində göstərilən müddəalardan birinə və ya bir neçəsinə istinad edilməklə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın əsaslandırılması;
280.2.8. cinayət işi üzrə qətimkan tədbirinin, əmlak üzərinə qoyulmuş həbsin və maddi sübutların taleyi barədə qeyd.
280.3. Cinayət işinin icraatına xitam verilməsinin əsasları ayrı-ayrı cinayət hadisələrinə və ya ayrı-ayrı şəxslərə şamil edilirsə, cinayət işi üzrə icraata yalnız onlara aid hissədə xitam verilir.
280.4. Cinayət işi üzrə icraata bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.11 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqədar xitam verildikdə barəsində cinayət işi üzrə icraata xitam verilmiş şəxsin təqsirsizliyini şübhə altına alan müddəaların qərara daxil edilməsinə yol verilmir.
280.5. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın çıxarıldığı vaxtdan 24 saatdan gec olmayaraq onun surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.
Dostları ilə paylaş: |