Səkkizinci bölmə
Birinci instansiya məhkəməsində icraat
XL fəsil
Cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara və xüsusi İttİham qaydasında şikayətlərə ilkin baxılması
Maddə 298. Daxil olmuş cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin ilkin hərəkətləri
298.1. Birinci instansiya məhkəməsinə daxil olmuş cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət hakimlər arasında işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə riayət edilməklə onlara baxmalı olan hakimə və ya hakimlərə verilir.
298.2. Məhkəmənin hazırlıq iclası aşağıdakı qaydada təmin edilir:
298.2.1. cinayət işi məhkəməyə daxil olduqdan sonra 15 (on beş) gün müddətində(cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət məhkəmənin qərarı ilə 30 (otuz) günədək uzadıla bilər);
298.2.2. məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət məhkəməyə daxil olduqdan sonra 7 (yeddi) gün müddətində.
298.3. Məhkəmənin icraatına müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin daxil olması və məhkəmənin hazırlıq iclasının keçirilməsi barədə məhkəmə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, habelə dövlət ittihamçısına (cinayət təqibi ictimai və ya ictimai-xüsusi ittiham qaydasında aparıldıqda), zərər çəkmiş şəxsə, xüsusi ittihamçıya (cinayət təqibi xüsusi ittiham qaydasında aparıldıqda), mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə aşağıdakı qaydada məlumat verir:
298.3.1. cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsinə ən azı 7 (yeddi) gün qalmış müddətdə;
298.3.2. məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsinə ən azı 3 (üç) gün qalmış müddətdə.
298.4. Bu Məcəllənin 298.3-cü maddəsinin tələblərini yerinə yetirərkən məhkəmə göstərilən şəxslərə müvafiq olaraq ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun və ya xüsusi ittiham qaydasında şikayətin surətini göndərməlidir (təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının surətinin verilməsinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməsinə görə məhkəmə bu şəxslərə həmin sənədləri göndərmir). Məhkəmə həmçinin bu Məcəllənin 298.3-cü maddəsində göstərilmiş şəxslərə aşağıdakılara dair bildiriş göndərməlidir:
298.4.1. məhkəmənin icraatına müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin daxil olması haqqında (təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı, ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti, habelə məhkəmənin tərkibinə daxil olan hakimlərin soyadı və vəzifəsi göstərilməklə);
298.4.2. məhkəməyə vəsatət və ərizələrin göndərilməsi qaydası və müddətinin izahı daxil olmaqla bildirişin göndərildiyi şəxsin hüquq və vəzifələrinin izahı haqqında;
298.4.3. məhkəmənin hazırlıq iclasında iştirak etmək üçün məhkəməyə gəlməyin vaxtı barədə.
298.5. Məhkəmənin hazırlıq iclası keçirilənədək cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin baxılmaq üçün verilmiş olduğu hakimlər onlara daxil olmuş sənədləri, o cümlədən cinayət prosesinin tərəflərindən daxil olmuş əlavə sənədləri, vəsatət və ərizələri öyrənirlər.
298.6. Cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar məhkəmənin hazırlıq iclasının keçirilməsi müddəti uzadıldıqda, məhkəmə hazırlıq iclasına qədər bu Məcəllənin 155.1-155.3-cü maddələrində nəzərdə tutulmuş əsasların mövcudluğunu araşdıraraq, həbs və ya ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar qəbul edir.
Dostları ilə paylaş: |