Maddə 312. Müdafiəçinin məhkəmə baxışında iştirakı və onun gəlməməsinin nəticələri
312.1. Müdafiəçi təqsirləndirilən şəxsin ərizəsinə (vəsatətinə) əsasən və ya bu Məcəllənin 92.3.2 — 92.3.13-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə baxışı zamanı məhkəmənin bütün iclaslarında iştirak edərək bu Məcəllənin 92.9 və 92.11-ci maddələrində nəzərdə tutulmuş hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir.
312.2. Məhkəmə iclasına gəlməmiş müdafiəçinin əvəz edilməsinə təqsirləndirilən şəxsin razılığı ilə yol verilir.
312.3. Üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməmiş müdafiəçi məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verməlidir. Müdafiəçi üzrlü səbəblərə görə məhkəmə iclasına gəlmədikdə, məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir.
312.4. Təqsirləndirilən şəxs tərəfindən dəvət olunmuş müdafiəçinin iştirakı uzun müddət ərzində (hər bir halda 10 (on) gündən artıq olmamaq şərti ilə) üzrlü səbəblərə görə mümkün olmadıqda məhkəmə işin baxılmasını təxirə salaraq təqsirləndirilən şəxsə başqa müdafiəçi seçməyi təklif etmək, o, imtina etdikdə isə vəkillər kollegiyasının müvafiq qurumu vasitəsilə ona yeni müdafiəçi təyin etmək hüququna malikdir. Məhkəmə baxışını təxirə salaraq, müdafiəçinin əvəz edilməsi məsələsini həll edərək, məhkəmə belə qərarın qəbul edilməsinin məqsədəuyğunluğunu (məhkəmə baxışına artıq sərf edilmiş vaxtı, icraatın mürəkkəbliyini və bununla əlaqədar məhkəmə baxışına yeni cəlb olunmuş müdafiəçi tərəfindən icraat materiallarının öyrənilməsinə sərf ediləcək vaxtı və digər halları) nəzərə alır. Məhkəmə icraata yeni cəlb edilmiş müdafiəçini həmin icraatın bütün materiallarının öyrənilməsi üçün kifayət edən vaxtla təmin edir. Cinayət işinə yeni cəlb edilmiş müdafiəçi onun işə cəlb olunduğu vaxtadək məhkəmə baxışında aparılmış istənilən hərəkətin təkrar edilməsi barədə vəsatət qaldıra bilər.
312.5. Müdafiəçi üzrlü səbəblər olmadan və məhkəməyə əvvəlcədən bildirmədən gəlmədikdə və onun bu məhkəmə iclasında əvəz edilməsi mümkün olmadıqda cinayət işinə baxılması təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir.
312.6. Müdafiəçi məhkəmə iclasına təkrarən gəlmədikdə və onun bu məhkəmə iclasında əvəz edilməsi mümkün olmadıqda da cinayət işinə baxılması təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Bu halda məhkəmə bu Məcəllənin 312.4-cü maddəsində nəzərdə tutulmuş qaydada müdafiəçinin əvəz edilməsi məsələsini həll edərək Azərbaycan Respublikasının vəkillər kollegiyasının rəyasət heyəti qarşısında həmin vəkilin intizam məsuliyyətinə cəlb edilməsi haqqında məsələ qaldıra bilər.
Dostları ilə paylaş: |