Maddə 315. Zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) məhkəmə baxışında iştirakı və onun gəlməməsinin nəticələri
315.1. Zərər çəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Bu zaman o, xüsusi ittihamçı kimi həmçinin bu Məcəllənin 88.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edir.
315.2. Zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir.
315.3. Zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı məhkəmə iclasına təkrarən gəlmədikdə cinayət prosesi tərəflərindən birinin xahişi ilə məhkəmə baxışı yenidən təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Lakin belə hallarda zərər çəkmiş şəxs (xüsusi ittihamçı) məhkəmə iclasına üzrlü səbəblərə görə gəlməsinin təkrarən mümkünsüzlüyünü məhkəmə iclası başlananadək məhkəməyə bildirməmişsə, məhkəmə öz qərarı ilə onun barəsində məcburi gətirilmə haqqında qərar çıxara bilər.
315.4. Xüsusi ittihamçının xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməsi mümkün olmadıqda, o, məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verməlidir. Məhkəmə xüsusi ittihamçının məhkəmə iclasına gəlməməsi səbəbini üzrlü hesab etdikdə, cinayət işinin məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir.
315.5. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlmədikdə, məhkəmənin qərarı ilə cinayət işinin məhkəmədə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilir.
Dostları ilə paylaş: |