Maddə 331. Məhkəmə baxışında ekspertiza
331.1. Məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir.
331.2. Məhkəməyədək icraat zamanı rəy vermiş ekspert aşağıdakı hüquqlara malikdir:
331.2.1. məhkəmə baxışında və ekspertizanın predmetinə aid olan sübutların tədqiq edilməsində iştirak etmək;
331.2.2. təqsirləndirilən, zərər çəkmiş şəxsin, şahidlərin dindirilməsində, maddi sübutların müayinəsində və digər istintaq hərəkətlərinin aparılmasında iştirak etmək.
331.3. Ekspertin rəyi tədqiq edildikdən sonra məhkəmə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinləməklə cinayət prosesi tərəflərinin vəsatəti əsasında və ya öz təşəbbüsü ilə təkrar və ya əlavə ekspertiza təyin etmək hüququna malikdir.
331.4. Cinayət işi üzrə ibtidai araşdırma zamanı ekspertiza təyin edilmədikdə cinayət prosesinin tərəfləri məhkəmə baxışında ekspertizanın təyin edilməsi haqqında vəsatət qaldıra bilərlər.
331.5. Cinayət prosesinin tərəfi özünün yazılı vəsatətində aşağıdakıları göstərməlidir:
331.5.1. ekspertin rəy verəcəyi sualları;
331.5.2. hansı halların araşdırılmalı olduğunu;
331.5.3. kimin ekspert qismində cəlb edilməsi məsələsinə dair təkliflərini.
331.6. Cinayət prosesinin hər bir tərəfi aşağıdakı hüquqlara malikdir:
331.6.1. ekspertizanın təyin edilməsi haqqında əks tərəfin vəsatəti ilə tanış olmaq;
331.6.2. bu Məcəllənin 331.5-ci maddəsində nəzərdə tutulmuş məsələlərə dair öz fikrini bildirmək.
331.7. Bu Məcəllənin 140.0.1 — 140.0.4-cü maddələrində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün ibtidai araşdırma zamanı ekspertiza keçirilməmişdirsə, məhkəmə ekspertizanın aparılmasını təmin etməlidir. Bu və digər hallarda ekspertiza təyin edildikdə, məhkəmə iclasında sədrlik edən cinayət prosesinin tərəflərinə ekspert qarşısında suallar qoymağı, ekspertizanın aparılmasının kimə tapşırılması və nəyin tədqiq edilməsi barədə öz mülahizələrini bildirməyi təklif edir. Məhkəmə cinayət prosesinin tərəflərinə aid olan şəxslərdən hər hansı birinin vəsatəti üzrə tərəflərə öz mülahizə və suallarını bildirmək üçün imkan yaradılması məqsədi ilə məhkəmə iclasında tənəffüs elan edir.
331.8. Cinayət prosesinin tərəfləri ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Onları belə obyektlər sırasından xaric edərək məhkəmə əsaslandırılmış qərar çıxarmalıdır.
331.9. Məhkəmə baxışında ekspertizanın aparılması qaydası haqqında yekun nəticə məhkəmənin qərarında öz əksini tapır.
331.10. Ekspert təyin edilmiş şəxsə ekspertizanın təyin edilməsi haqqında məhkəmə qərarının surəti verilir və ona ekspertin hüquq və vəzifələri izah edilir.
331.11. Tədqiqat üçün zəruri olan halda məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra məhkəmə iclasını təxirə sala bilər.
331.12. Ekspertin rəyi yazılı şəkildə məhkəməyə təqdim edilir və sədrlik edənin göstərişi ilə məhkəmə iclasında elan olunur.
Dostları ilə paylaş: |