Maddə 348. Bəzi məsələlər üzrə məhkəmənin yekun qərarların qəbul edilməsi xüsusiyyətləri
348.1. Məhkəmə baxışının nəticələri əsasında məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətmiş 18 yaşınadək olan şəxsi cinayət məsuliyyətinə cəlb etmədən islah edilməsinin mümkün olduğu qənaətinə gəldikdə, cinayət qanunu ilə nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxara bilər.
348.2. Aşağıdakı hallarda məhkəmə baxışının nəticələrinə dair məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxarır:
348.2.1. əməlin törədilməsi zamanı təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduqda;
348.2.2. cinayət törətdikdən sonra təqsirləndirilən şəxs cinayət cəzasının təyin edilməsini və ya icrasını istisna edən psixi xəstəliyə tutulduqda;
348.2.3. təqsirləndirilən şəxs cinayət törətdikdə və onun anlaqsız olduğunu istisna etməyən psixi pozuntu vəziyyətində olduqda;
348.2.4. təqsirləndirilən şəxs cinayət törətdikdə və onun alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olduqda.
348.3. Bəraət hökmü çıxararkən məhkəmə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsinə dair qərar qəbul edir.
348.4. Hər hansı şəxs bir neçə cinayətin törədilməsində ittiham edildikdə, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.12, 346.1.14 — 346.1.16-cı maddələrində göstərilmiş məsələləri cinayətlərdən hər biri üzrə ayrılıqda həll edir.
348.5. Cinayətin törədilməsində bir neçə təqsirləndirilən şəxs ittiham edildikdə, bu Məcəllənin 346.1-ci maddəsində göstərilən bütün məsələlər təqsirləndirilən şəxslərdən hər birinin barəsində həll edilir.
348.6. Şərti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir:
348.6.1. şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini;
348.6.2. şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini.
Dostları ilə paylaş: |