Maddə 388. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin daxil olması haqqında bildiriş
388.1. Apellyasiya şikayəti və ya apellyasiya protesti daxil olduqdan sonra birinci instansiya məhkəməsi 48 saat müddətində onların surətlərini bu Məcəllənin 383.1 və 383.2-ci maddələrində göstərilən şəxslərə təqdim edir və ya göndərir və onlara bu sənədlərə dair öz etirazlarını bildirmək və digər şəxslərin etirazları ilə tanış olmaq hüququnu və müddətini izah edir.
388.2. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə dair etirazlar işə əlavə olunur, bu etirazlar iş məhkəməyə göndərildikdən sonra daxil olduqda bilavasitə apellyasiya instansiyası məhkəməsinə göndərilir.