Maddə 405. Birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi
405.1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü aşağıdakı hallarda dəyişdirir:
405.1.1. cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə;
405.1.2. cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət haqqında cinayət qanunvericiliyini tətbiq etdiyi halda;
405.1.3. tutulmalı olan məbləğləri azaltdıqda və ya həmin mәblәğlәri artırdıqda, belə artırma ittihamın həcminə və cinayətin tövsifinə təsir göstərmədiyi halda;
405.1.4. hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda.
405.2. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını aşağıdakı hallarda dəyişdirir:
405.2.1. ictimai təhlükəli əməlin tövsifinin dəyişdirilməsi və daha yüngül cinayət haqqında cinayət qanununun normasının tətbiq edilməsi;
405.2.2. tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlərin yüngülləşdirilməsi və ya ağırlaşdırılması;
405.2.3. hüquqi şəxs barəsində tətbiq edilən cinayət-hüquqi tədbirlərin yüngülləşdirilməsi və ya ağırlaşdırılması.
Dostları ilə paylaş: |