Maddə 406. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələrinə dair xüsusi qərar
406.1. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi işin ibtidai araşdırması və ya birinci instansiya məhkəməsində baxış zamanı cinayət prosesi iştirakçılarının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntuları müəyyən etdikdə xüsusi qərar çıxara bilər.
406.2. Apellyasiya instansiyası məhkəməsinin xüsusi qərarında onun hansı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə materiala dair və kim tərəfindən çıxarıldığı göstərilməli, ittihamın mahiyyəti, xüsusi qərarın çıxarılmasının əsasları, kimin və dəqiq hansı pozuntuya yol verdiyi, habelə bu pozuntunun hansı hüquqi nəticələrə səbəb olduğu ətraflı şərh edilməlidir.
406.3. Apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış xüsusi qərar müvafiq təsir tədbirlərinin görülməsi üçün aşağıdakı şəxslərə göndərilməlidir:
406.3.1. dövlət orqanının vəzifəli şəxsləri barəsində tabeçiliyindən asılı olaraq yuxarı dövlət orqanının rəhbərinə;
406.3.2. müstəntiqlər, təhqiqatçılar və təhqiqat orqanının əməkdaşları barəsində—tabeçiliyindən asılı olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbərinə;
406.3.3. prokurorlar və ya prokurorluğun müstəntiqləri barəsində—Azərbaycan Respublikasının Baş prokuroruna;
406.3.4. birinci instansiya məhkəməsinin hakimləri barəsində—apellyasiya instansiyası məhkəməsi sədrinin vasitəsilə Məhkəmə-Hüquq Şurasına.
406.4. Apellyasiya instansiyası məhkəməsinin xüsusi qərarının ünvanlandığı vəzifəli şəxslər həmin qərar onlara daxil olduğu vaxtdan 30 (otuz) gündən gec olmayaraq aşağıdakı tədbirləri görməlidirlər:
406.4.1. cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol vermiş şəxslərin məsuliyyəti haqqında məsələni həll etmək;
406.4.2. görülmüş tədbirlər haqqında məhkəməyə məlumat vermək.
Dostları ilə paylaş: |