Maddə 435. Yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayət barədə cinayət işi üzrə məhkəmə baxışının xüsusiyyətləri
435.1. Yetkinlik yaşına çatmayan şəxslərin törətdikləri cinayətlər barədə cinayət işlərinə daha təcrübəli hakimlər tərəfindən baxılmalıdır.
435.2. Yetkinlik yaşına çatmayan şəxs barəsində məhkəmə baxışı zamanı məhkəmə iclasında sədrlik edən bu Məcəllənin 429—434-cü maddələrinin tələblərinin təmin olunmasını müəyyən etməlidir.
435.3. Yetkinlik yaşına çatmayan şəxs barəsində cinayət işinin məhkəmə baxışında yetkinlik yaşına çatmayan şəxsin valideynləri və ya digər qanuni nümayəndələri iştirak etmək hüququna malikdirlər. Yetkinlik yaşına çatmayan şəxsin mənafeyi naminə məhkəmə özünün əsaslandırılmış qərarı ilə həmin şəxslərin məhkəmə baxışında iştirakını tələb edə və ya yetkinlik yaşına çatmayan şəxsin mənafeləri üçün zəruri olduğunu güman etməyə əsaslar olduqda, valideynlərin və ya digər qanuni nümayəndələrin iştirakından imtina edə bilər.
435.4. Yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır:
435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır;
435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir;
435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir.
435.5. ləğv edilmişdir.
Dostları ilə paylaş: |