Maddə 441. Binaların və sənədlərin toxunulmazlığı
441.1. Diplomatik nümayəndəliyin yerləşdiyi binalar, diplomatik nümayəndəliyin rəhbərinin qərargahı, diplomatik heyət üzvlərinin yaşayış binaları, onlarda olan əmlak toxunulmazdır. Bu binalara giriş, axtarış, götürmə, həbsə alma, əmlak üzərinə həbs qoyulması yalnız diplomatik nümayəndəliyin rəhbərinin və ya onu əvəz edən şəxsin razılığı ilə aparıla bilər.
441.2. Qarşılıqlı və ikitərəfli dövlətlərarası müqaviləyə uyğun olaraq bu Məcəllənin 441.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlar Azərbaycan Respublikasının vətəndaşları olmayan və ya Azərbaycan Respublikasında daimi yaşamayan diplomatik nümayəndəliklərin inzibati-texniki heyətinin əməkdaşları və onların ailə üzvləri tərəfindən tutulmuş yaşayış binalarına da şamil edilir.
441.3. Konsulluğun yerləşdiyi bina və konsulluq rəhbərinin qərargahı toxunulmazdır. Bu binalara giriş, axtarış, götürmə və həbsə alma yalnız konsulluq və ya diplomatik nümayəndəlik rəhbərlərinin razılığı və ya xahişi ilə aparıla bilər.
441.4. Diplomatik nümayəndəliklərin və konsulluqların arxivləri, sənədləri və rəsmi yazışmaları toxunulmazdır. Diplomatik poçt açıla və gecikdirilə bilməz.
441.5. Diplomatik nümayəndəlik və konsulluqların bu Məcəllənin 441.1, 441.2 və 441.3-cü maddələrində qeyd edilən binalarına giriş, onlarda axtarış, götürmə və həbs aparılmasına dair razılığı istintaq və ya prokurorluq orqanı tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə sorğu edilir.
441.6. Qeyd edilən binalarda axtarış, götürmə və həbs mütləq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nümayəndəsinin iştirakı ilə aparılır.
Dostları ilə paylaş: |