Maddə 467. Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən baxılması
Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun iclasında baxılması bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə həyata keçirilir.
LV fəsil
Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsİ üzrə icraat
Maddə 468. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın xüsusiyyətləri
Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468—478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır.
Maddə 469. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat
469.1. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat ibtidai istintaq şəklində aparılır.
469.2. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər cəmiyyət üçün təhlükəli olaraq qalmaqda davam etdikdə, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında qərar çıxarır.
469.3. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparılmasında, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxsin psixi vəziyyəti buna mane olduğu hallar istisna olmaqla, həmin şəxsin özü, müdafiəçisi və qanuni nümayəndəsi iştirak edə bilərlər.
469.4. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxs öz psixi vəziyyətinə görə iş üzrә icraatda iştirak edə bilmədikdə, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror bu barədə protokol tərtib edir və həmin protokol müvafiq şəxsin prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məsələnin həlli üçün hakimə göndərilir.
Maddə 470. Anlaqsız vəziyyətdə olan şəxslərin işləri üzrə müəyyən edilməli olan hallar
470.0. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxslərin işləri üzrə aşağıdakılar müəyyən edilməlidir:
470.0.1. onun tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer, vaxt, üsul və digər hallar;
470.0.2. əməlin həmin şəxs tərəfindən törədilməsi;
470.0.3. əməl törədilənədək həmin şəxsdə psixi xəstəliyinin olması, əməlin törədildiyi anda və ondan sonra araşdırmanın aparılması zamanı xəstəliyin dərəcəsi və xarakteri;
470.0.4. həmin şəxsin əməli törədənədək və ondan sonrakı davranışı;
470.0.5. vurulmuş zərərin xarakteri və məbləği.
Maddə 471. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin ayrılması
Cinayət işinin ibtidai araşdırılması zamanı iştirakçılardan hər hansının cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi anda anlaqsız vəziyyətdə olması müəyyən edildikdə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş cinayət işindən ayrıca icraata ayrılır.
Dostları ilə paylaş: |