Maddə 489. Azərbaycan Respublikasının ərazisində hüquqi yardım göstərilməsinin ümumi şərtləri
489.1. Hüquqi yardım sorğu verildiyi zaman sorğu edən xarici dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən istintaq edilən və ya məhkəmə baxışında olan cinayətlərlə bağlı müvafiq hərəkətlərin həyata keçirilməsindən ibarətdir.
489.2. Bu Məcəllənin 489.1-ci maddəsinin məqsədlərinə uyğun olaraq hüquqi yardımın göstərilməsi üzrə həyata keçirilən hərəkətlər "Cinayət işlərinə dair hüquqi yardım haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi ilə müəyyən edilir.
489.3. Azərbaycan Respublikasının ərazisində yaşayan, yaxud olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdiyi əməllərə görə xarici dövlət tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi və ya məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası üçün verilməsi və tranzit daşıma bu Məcəllənin 493-501-ci maddələri və “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq həyata keçirilir.
489.4. Xarici dövlətin səlahiyyətli hakimiyyət orqanının rəsmi müraciəti əsasında Azərbaycan Respublikası ərazisində cinayət təqibi bu Məcəllənin 502-504-cü maddələrinə uyğun olaraq həyata keçirilir.