Maddə 507. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə hakimin göstərişi
507.1. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə hakimin göstərişi, bir qayda olaraq, məhkəmənin müvafiq hökmünün və ya qərarının qanuni qüvvəyə mindiyi andan təxirə salınmadan yerinə yetirilir.
507.2. Təqsirləndirilən şəxsə bəraət verilməsi və ya onun cəzadan azad edilməsi haqqında məhkəmənin hökmünün icrası barədə hakimin göstərişi hökm elan edildikdən dərhal sonra verilir. Belə halda məhkəmə iclası zalında olan təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir.
507.3. Hökm elan edildikdən sonra hakimin göstərişi ilə aşağıdakı hallarda təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir:
507.3.1. şəxs cəza təyin edilmədən məhkum edildikdə;
507.3.2. şəxs azadlıqdan məhrum etməyə şərti və ya hökmün icrası təxirə salınmaqla məhkum edildikdə;
507.3.3. şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə;
507.3.4. şəxs tutulma və ya qətimkan tədbirinin tətbiq edilməsi nəticəsində həbsdə olduğu və ya apellyasiya, yaxud kassasiya qaydasında ləğv edilmiş qərar əsasında həmin cinayət işi üzrə cəza çəkdiyi müddəti aşmayan müddətə azadlıqdan məhrum etməyə məhkum edildikdə.
507.4. Hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi haqqında hakimin göstərişi hökm və ya məhkəmənin digər yekun qərarının icraya yönəldilməsi vəzifəsi üzərinə qoyulmuş müəssisə və orqanların vəzifəli şəxslərinə göndərilir. Hakimin göstərişi ilə birlikdə, həmçinin məhkəmənin müvafiq hökmünün və ya digər yekun qərarının surəti göndərilir.
507.5. Hökmün icra edilməsi haqqında göstərişlə eyni zamanda hakim həbsdə olan və azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsin razılığı ilə onun ailəsinə hökmün icraya yönəldilməsi barədə məlumat verir.
507.6. Hökmlə məhkumun xüsusi və ya hərbi rütbədən məhrum edilməsi, fəxri addan, yaxud məhkumun dövlət təltifindən məhrum edilməsi haqqında məsələnin qoyulmasının zəruriliyi nəzərdə tutulduğu halda, hakim müvafiq təqdimatı və məhkəmə hökmünün surətini məhkuma xüsusi və ya hərbi rütbə vermiş, fəxri ad, yaxud dövlət təltifi ilə təltif etmiş orqana göndərir.
Dostları ilə paylaş: |