Maddə 92. Müdafiəçi
92.1. Cinayət prosesində müdafiəçi qismində yalnız Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik olan vəkil iştirak edə bilər. Müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və onun iştirakı ilə baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz.
92.2. Şübhəli və ya təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi ola bilər. Müdafiəçinin iştirakı məcburi olan prosessual hərəkətlər aparılarkən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçilərindən hər hansının iştirak etməməsi bu hərəkətlərin qanunsuz hesab edilməsinə əsas ola bilməz.
92.3. Cinayət prosesində müdafiəçinin iştirakı aşağıdakı hallarda təmin olunmalıdır:
92.3.1. şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə;
92.3.2. şübhəli və ya təqsirləndirilən şəxs lal, kor, kar olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi qüsurlar olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə kəmağıllığa, aşkar əqli zəifliyə və ya digər qüsurlara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə;
92.3.3. cinayət təqibi üzrə icraat aparılan anda şübhəli və ya təqsirləndirilən şəxsdə ruhi xəstəliyin kəskinləşməsi və ya müvəqqəti ruhi pozuntu aşkar edildikdə;
92.3.4. şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə;
92.3.5. şübhəli və ya təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmadıqda;
92.3.6. təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda;
92.3.7. şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə;
92.3.8. şübhəli və ya təqsirləndirilən şəxs məcburi qaydada xüsusi tibb (stasionar müalicə-psixiatriya) müəssisəsinə yerləşdirildikdə;
92.3.9. şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə);
92.3.10. cinayət təqibi cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdən sonra həyata keçirildikdə;
92.3.11. təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda;
92.3.12. cinayət təqibi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törədən şəxs barəsində həyata keçirildikdə;
92.3.13. şübhəli və ya təqsirləndirilən şəxsin fəaliyyət qabiliyyəti olmadıqda;
92.3.14. ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisi müəyyən edilmədikdə;
92.3.15. ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumu bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə.
92.4. Cinayət prosesində müdafiəçinin iştirakı aşağıdakı andan təmin olunur:
92.4.1. şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçini tələb edərkən — bu Məcəllənin 92.3.1-ci maddəsində nəzərdə tutulmuş halda;
92.4.2. şəxs ilk dəfə dindirilərkən, ona tutulması haqqında cinayət prosesini həyata keçirən orqanın qərarı, tutma haqqında protokol və ya qətimkan tədbiri seçilməsi haqqında qərar, yaxud ittiham elan edilərkən — bu Məcəllənin 92.3.2, 92.3.4, 92.3.5 və 92.3.7-ci maddələrində nəzərdə tutulmuş hallarda;
92.4.3. şəxsdə xəstəlik və ya anlaqsızlıq aşkar edilərkən — bu Məcəllənin 92.3.3 və 92.3.12-ci maddələrində nəzərdə tutulmuş hallarda;
92.4.4. təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılarkən — bu Məcəllənin 92.3.6 və 92.3.10-cu maddələrində nəzərdə tutulmuş hallarda;
92.4.5. şübhəli və ya təqsirləndirilən şəxsin xüsusi tibb (stasionar müalicə-psixiatriya) müəssisəsinə yerləşdirilməsi barədə prokurorun təqdimatına məhkəmədə baxılarkən — bu Məcəllənin 92.3.8-ci maddəsində nəzərdə tutulmuş halda;
92.4.6. şübhəli və ya təqsirləndirilən şəxs tutularkən və ya həbs qətimkan tədbirinin seçilməsi barədə prokurorun təqdimatına məhkəmədə baxılarkən — bu Məcəllənin 92.3.9-cu maddəsində nəzərdə tutulmuş halda;
92.4.7. təqsirləndirilən şəxsə qarşı ittihama məhkəmədə baxılarkən — bu Məcəllənin 92.3.11-ci maddəsində nəzərdə tutulmuş halda;
92.4.8. şübhəli və ya təqsirləndirilən şəxsin mülki mühakimə icraatı qaydasında fəaliyyət qabiliyyəti olmadığı təsdiq edilərkən və ya cinayət mühakimə icraatı qaydasında fəaliyyət qabiliyyəti olmadığı müəyyən edilərkən — bu Məcəllənin 92.3.13-cü maddəsində nəzərdə tutulmuş halda.
92.5. Müdafiəçidən imtina etmiş şübhəli və ya təqsirləndirilən şəxsə bu Məcəllənin 92.3.1-ci maddəsinə əsasən sonradan müdafiəçi təyin edilməsi həmin vaxtadək aparılmış prosessual hərəkətlərin təkrarlanmasını məcburi edən hal deyil.
92.6. Cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirilərsə, məhkəmə xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etdiyi andan müdafiəçinin iştirakını təmin edir.
92.7. Şübhəli və ya təqsirləndirilən şəxsin, habelə barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə, müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir.
92.8. Bu Məcəllənin 92.7-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmədikdə cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsin cinayət prosesinə müdafiəçi qismində buraxılmasından imtina edilməsi haqqında əsaslandırılmış qərar çıxarır.
92.9. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada müdafiəçi aşağıdakı hüquqları həyata keçirir:
92.9.1. şübhənin və ya ittihamın mahiyyətini bilmək;
92.9.2. söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiə etdiyi şəxslə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq;
92.9.3. cinayət prosesini həyata keçirən orqanın təklifi ilə bu orqanın apardığı istintaq və ya digər prosessual hərəkətlərdə, habelə müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;
92.9.4. şübhəli və ya təqsirləndirilən şəxsə hüquqlarını yadına salmaq, istintaq və ya digər prosessual hərəkəti aparan şəxsin nəzərini onun yol verdiyi qanun pozuntularına cəlb etmək;
92.9.5. məhkəməyədək və ya məhkəmə icraatı zamanı cinayət işinə əlavə və ya məhkəmə iclasında tədqiq edilməsi üçün sübutlar, habelə digər materiallar toplamaq və cinayət prosesini həyata keçirən orqana təqdim etmək;
92.9.6. etirazlar etmək və vəsatətlər vermək;
92.9.7. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkət protokolunda qeyd edilməsini tələb etmək;
92.9.8. özünün və ya müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclasının protokolları ilə tanış olmaq; iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokollarındakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;
92.9.9. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsinin həyata keçirilməsi ilə əlaqədar məsələlərin aydınlaşdırılması üçün sübutların toplanması üzrə tədbirlər həyata keçirmək, bu məqsədlə cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda fiziki və hüquqi şəxslərin razılığı ilə onları sorğu-suala tutmaq, habelə müqavilə əsasında ekspertin rəyini almaq və mütəxəssisin fikrini öyrənmək;
92.9.10. cinayət prosesini həyata keçirən orqanın ekspertizanın təyin edilməsi haqqında qərarı və ona dair ekspertin rəyi ilə, müdafiə etdiyi şəxsin tutulması, həbsə alınması və ya həbsdə saxlanmasının qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq;
92.9.11. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, müdafiə etdiyi şəxsə aid zəruri sənədlərin surətlərini çıxarmaq;
92.9.12. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;
Dostları ilə paylaş: |