XI fəsil
Nümayəndələr və hüquq varisləri
Maddə 100. Cinayət-prosessual fəaliyyət qabiliyyəti
100.1. Fəaliyyət qabiliyyəti olmayanlardan başqa cinayət prosesinin bütün yetkinlik yaşına çatmış iştirakçıları bu Məcəllədə nəzərdə tutulmuş hüquqlarını müstəqil həyata keçirə bilərlər.
100.2. Cinayət prosesində aşağıdakılar fəaliyyət qabiliyyəti olmayanlar hesab olunurlar:
100.2.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs;
100.2.2. 14 yaşına çatmamış zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh.
100.3. Ruhi xəstəlik, müvəqqəti ruhi pozuntu və ya kəmağıllıq nəticəsində öz hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malik olmayan zərər çəkmiş şəxsi, mülki iddiaçını, şübhəli və ya təqsirləndirilən şəxsi, yaxud mülki cavabdehi məhkəmə cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edə bilər. Məhkəmə öz hüquqlarını və vəzifələrini yenidən müstəqil həyata keçirmək qabiliyyəti əldə etmiş göstərilən şəxsin cinayət-prosessual fəaliyyət qabiliyyətini bərpa edir.
100.4. 14 yaşdan 18 yaşadək olan zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh məhdud fəaliyyət qabiliyyətlidir. Həmin şəxslərin cinayət prosesinin iştirakçıları qismində öz hüquqlarını müstəqil həyata keçirmək imkanları bu Məcəllədə nəzərdə tutulmuş hallarda onların qanuni nümayəndələrinin razılığı ilə məhdudlaşdırılır.
100.5. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin cinayət-prosessual fəaliyyət qabiliyyəti cinayət prosesi üzrə icraat həyata keçirildiyi an üçün müəyyən edilir.
100.6. Yetkinlik yaşına çatmamış və ya 14 yaşına çatmış cinayət prosesi iştirakçısının cinayət-prosessual fəaliyyət qabiliyyətini cinayət prosesini həyata keçirən orqan müvafiq hüdudlarda tanıyır.
100.7. Cinayət prosesinin fəaliyyət qabiliyyəti olmayan iştirakçısı bu Məcəlləyə uyğun olaraq öz hüquqlarını müstəqil həyata keçirə bilməz. Həmin hüquqları bu Məcəllədə nəzərdə tutulmuş qaydada onun qanuni nümayəndəsi həyata keçirir.
100.8. Nümayəndəsi olmayan zərər çəkmiş şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə cinayət prosesində onun xüsusi ittihamçı qismində iştirakına xitam verilir, cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə isə cinayət təqibi üzrə icraat dayandırılır.
100.9. Fəaliyyət qabiliyyəti olmayan mülki iddiaçının qanuni nümayəndəsi yoxdursa, cinayət prosesində onun iştirakına xitam verilir.
100.10. Mülki cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə onun cinayət prosesində iştirakına xitam verilir, ona qarşı verilmiş iddia isə cinayət prosesi daxilində baxılmamış saxlanılır.
100.11. Cinayət prosesinin məhdud fəaliyyət qabiliyyətli iştirakçısı qanuni nümayəndəsinin razılığı olmadan aşağıdakıları edə bilməz:
100.11.1. barəsində cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətin edilməsinə dair şikayətdən imtina etmək;
100.11.2. zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq;
100.11.3. ona qarşı verilmiş mülki iddianı qəbul etmək;
100.11.4. ona qarşı verilmiş mülki iddiadan imtina etmək;
100.11.5. öz qanuni mənafeyinin müdafiəsi üçün verilmiş şikayətdən imtina etmək.
Dostları ilə paylaş: |