Ümumi hissə Birinci bölmə Əsas müddəalar



Yüklə 2,96 Mb.
səhifə24/39
tarix25.07.2018
ölçüsü2,96 Mb.
#57697
1   ...   20   21   22   23   24   25   26   27   ...   39

Maddə 297. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın aparılması nəticələrinə dair prokurorun hərəkətləri

 

297.0. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın materialları ona daxil olduqdan sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir:



297.0.1. daxil olmuş materiallara dərhal baxmaq və böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayətin baxılması zamanı təhqiqatçının hərəkətlərinin və həmin şikayət üzrə aparılmış məhkəməyədək sadələşdirilmiş icraatın qanuniliyini və əsaslılığını yoxlamaq;

297.0.2. toplanılmış sübutlar və təhqiqat zamanı araşdırılmış hallar ittihamın irəli sürülməsinə imkan verdikdə, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair təhqiqatçı tərəfindən tərtib edilmiş yekun protokolunda ittihamın irəli sürülməsini təsdiq etmək və bütün materialları məhkəməyə göndərmək;

297.0.3. toplanılmış sübutlar ittihamın irəli sürülməsi üçün kifayət qədər olmadıqda və ya bu Məcəllənin 293-1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda, məhkəməyədək sadələşdirilmiş icraatın materialları əsasında cinayət işinin başlanması haqqında qərar çıxarmaq və ibtidai istintaqın aparılmasını müvafiq istintaq orqanına tapşırmaq; 

297.0.4. cinayət təqibini istisna edən hallar mövcud olduqda, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarmaq;

297.0.5. böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın materialları ilə tanış olmuş şəxslərə özünün çıxardığı qərar haqqında məlumat vermək.

 

Səkkizinci bölmə

 

Birinci instansiya məhkəməsində icraat

 

XL fəsil

 

Cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara və xüsusi İttİham qaydasında şikayətlərə ilkin baxılması

 

Maddə 298. Daxil olmuş cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin ilkin hərəkətləri

 

298.1. Birinci instansiya məhkəməsinə daxil olmuş cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət hakimlər arasında işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə riayət edilməklə onlara baxmalı olan hakimə və ya hakimlərə verilir. 



298.2. Məhkəmənin hazırlıq iclası aşağıdakı qaydada təmin edilir:

298.2.1. cinayət işi məhkəməyə daxil olduqdan sonra 15 (on beş) gün müddətində(cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət məhkəmənin qərarı ilə 30 (otuz) günədək uzadıla bilər); 

298.2.2. məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət məhkəməyə daxil olduqdan sonra 7 (yeddi) gün müddətində.

298.3. Məhkəmənin icraatına müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin daxil olması və məhkəmənin hazırlıq iclasının keçirilməsi barədə məhkəmə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, habelə dövlət ittihamçısına (cinayət təqibi ictimai və ya ictimai-xüsusi ittiham qaydasında aparıldıqda), zərər çəkmiş şəxsə, xüsusi ittihamçıya (cinayət təqibi xüsusi ittiham qaydasında aparıldıqda), mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə aşağıdakı qaydada məlumat verir:

298.3.1. cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsinə ən azı 7 (yeddi) gün qalmış müddətdə;

298.3.2. məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsinə ən azı 3 (üç) gün qalmış müddətdə.

298.4. Bu Məcəllənin 298.3-cü maddəsinin tələblərini yerinə yetirərkən məhkəmə göstərilən şəxslərə müvafiq olaraq ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun və ya xüsusi ittiham qaydasında şikayətin surətini göndərməlidir (təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının surətinin verilməsinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməsinə görə məhkəmə bu şəxslərə həmin sənədləri göndərmir). Məhkəmə həmçinin bu Məcəllənin 298.3-cü maddəsində göstərilmiş şəxslərə aşağıdakılara dair bildiriş göndərməlidir: 

298.4.1. məhkəmənin icraatına müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin daxil olması haqqında (təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı, ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti, habelə məhkəmənin tərkibinə daxil olan hakimlərin soyadı və vəzifəsi göstərilməklə);

298.4.2. məhkəməyə vəsatət və ərizələrin göndərilməsi qaydası və müddətinin izahı daxil olmaqla bildirişin göndərildiyi şəxsin hüquq və vəzifələrinin izahı haqqında;

298.4.3. məhkəmənin hazırlıq iclasında iştirak etmək üçün məhkəməyə gəlməyin vaxtı barədə.

298.5. Məhkəmənin hazırlıq iclası keçirilənədək cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin baxılmaq üçün verilmiş olduğu hakimlər onlara daxil olmuş sənədləri, o cümlədən cinayət prosesinin tərəflərindən daxil olmuş əlavə sənədləri, vəsatət və ərizələri öyrənirlər.

298.6. Cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar məhkəmənin hazırlıq iclasının keçirilməsi müddəti uzadıldıqda, məhkəmə hazırlıq iclasına qədər bu Məcəllənin 155.1-155.3-cü maddələrində nəzərdə tutulmuş əsasların mövcudluğunu araşdıraraq, həbs və ya ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar qəbul edir.

 

Maddə 299. Məhkəmənin hazırlıq iclası

 

299.1. Məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir.



299.2. Hazırlıq iclasının keçirilməsi qaydası məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə cinayət prosesi tərəflərinin məhkəmənin hazırlıq iclasının keçirilməsi qaydasına dair təkliflərini nəzərə ala bilər.

299.3. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır:

299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə;

299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə;

299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə;

299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə;

299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə.

//çıxarılıb//

299.4. Məhkəmənin hazırlıq iclası zamanı, həmçinin aşağıdakı məsələlər həll edilir:

299.4.1. verilmiş vəsatət və etirazların təmin edilməsi və ya onların təmin edilməsinin rədd edilməsi barədə;

299.4.2. ittiham və müdafiə tərəflərinin məhkəmə baxışı zamanı təqdim etdikləri sübutlar siyahısı barədə;

299.4.3. məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə;

299.4.4. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin sonrakı hərəkəti barədə.

299.5. Yazılı və ya şifahi vəsatət və etirazlar həll edilərkən cinayət prosesinin tərəfləri prosesin hansı iştirakçısının vəsatətinə baxılmasından asılı olmayaraq öz fikirlərini bildirmək hüququna malikdirlər. Məhkəmə vəsatəti rədd etdikdə həmin vəsatət məhkəmə baxışı zamanı təkrarən verilə bilər.

299.6. Məhkəmənin hazırlıq iclası zamanı aşağıdakı ardıcıllıqla müvafiq hərəkətlər yerinə yetirilir:

299.6.1. dövlət ittihamçısı və ya xüsusi ittihamçı məhkəmə baxışı zamanı tədqiq etmək niyyətində olduqları müvafiq olaraq cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə sübutlar siyahısını məhkəməyə təqdim edir;

299.6.2. təqsirləndirilən şəxsin müdafiəçisi (onun köməyindən imtina edildiyi hallarda isə təqsirləndirilən şəxsin özü), habelə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh şəxsən və ya öz nümayəndəsi vasitəsilə özlərinin qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan sübutlar siyahısını təqdim edir, hər hansı şəxsin (onların soyadlarını, adlarını, atalarının adlarını və yaşayış yerlərini göstərməklə) məhkəmə iclasına çağırılması və şahid qismində dindirilməsi haqqında vəsatətlər verir, onların göstərdikləri sübutların məhkəmədə hansı məqsədlə tədqiq edilməsini və onların vasitəsilə məhkəmə baxışı zamanı hansı halların müəyyən edilə biləcəyini izah edir.

299.7. Məhkəmənin hazırlıq iclası zamanı:

299.7.1. məhkəmə yalnız işə aid olmayan və ya yolverilməz hesab etdiyi halda sübutların təqdim edilməsi ilə bağlı vəsatətləri rədd etmək hüququna malikdir;

299.7.2. sübut formal cəhətdən yol verilməli olan, lakin məhkəmə tərəfindən işə aid olmayan hesab edildikdə müdafiə tərəfi onu məhkəməyə öz hesabına təqdim edə bilər.

299.8. Xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir.

299.9. Məhkəmənin hazırlıq iclası təqsirləndirilən şəxsin iştirakı olmadan aşağıdakı hallarda aparıla bilər:

299.9.1. təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən təkrarən imtina etdiyi və ya boyun qaçırdığı halda;

299.9.2. təqsirləndirilən şəxsin xahişi ilə qanunla işin qiyabi baxılmasına yol verildiyi halda.

299.10. Təqsirləndirilən şəxsin müdafiəçisinin (təmsil etdiyi şəxs onun köməyindən imtina etməmişdirsə və ya onun cinayət prosesində məcburi iştirakını müəyyən edən hal mövcuddursa) məhkəmənin hazırlıq iclasında iştirakı məcburidir.

299.11. Məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş bu Məcəllənin 299.8 və 299.9-cu maddələrində göstərilənlər nəzərə alınmaqla cinayət prosesi iştirakçılarının məhkəmənin hazırlıq iclasına gəlməməsi, həmin iclasın keçirilməsinə və müvafiq qərarın qəbul edilməsinə mane olmur.

 

Maddə 300. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən qəbul edilən qərarların növləri

 

300.1. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir:



300.1.1. təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə;

300.1.2. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə;

300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə;

300.1.4. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə;

300.1.5. cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə;

300.1.6. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə;

300.1.7. cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə.

300.2. Bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarları çıxarmaqla yanaşı məhkəmə aşağıdakı hərəkətləri yerinə yetirməlidir:

300.2.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı barədə məsələyə baxmaq;

300.2.2. qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmaq;

300.2.3. qətimkan tədbiri məsələsinə dair qərar çıxarmaq.

300.3. Bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır.

300.4. Məhkəmənin hazırlıq iclasında qəbul edilmiş qərarların surətləri qəbul edildikdən sonra 3 (üç) gün müddətində aşağıdakı şəxslərə verilir (poçtla göndərilir):

300.4.1. bu Məcəllənin 300.1.1, 300.1.3 və 300.1.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar çıxarıldıqda—təqsirləndirilən şəxsə, müdafiəçiyə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə;

300.4.2. bu Məcəllənin 300.1.2 və 300.1.3-cü maddələrində nəzərdə tutulmuş qərar çıxarıldıqda—xüsusi ittihamçıya, barəsində şikayət verilmiş şəxsə və onların nümayəndələrinə.

300.5. Bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. 

 

Maddə 301. Məhkəmə baxışının təyin edilməsi

 

301.1. Məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə aşağıdakı hallarda təyin edilir:



301.1.1. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda;

301.1.2. ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə;

301.1.3. məhkəməyədək icraat bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda.

301.2. Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərarda aşağıdakılar göstərilməlidir:

301.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;

301.2.2. məhkəmənin adı və tərkibi (hər bir hakimin adı, soyadı və atasının adı);

301.2.3. təqsirləndirilən şəxsin soyadı, adı və atasının adı;

301.2.4. təqsirləndirilən şəxsə istinad edilən cinayət qanununun maddəsi üzrə tövsifi;

301.2.5. qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, ləğv edilməsi, dəyişdirilməsi və ya seçilməsi və vurulmuş zərərin ödənilməsinin təmin edilməsi üçün tədbirlər görülməsi haqqında qərar;

301.2.6. cinayət proses iştirakçılarının etirazlarının, vəsatətlərinin və digər ərizələrinin həlli;

301.2.7. məhkəmənin tərkibi haqqında //çıxarılıb//;

301.2.8. təqsirləndirilən şəxs tərəfindən seçilmiş şəxsin müdafiəçi qismində işə buraxılması və ya təqsirləndirilən şəxsə müdafiəçinin təyin edilməsi;

301.2.9. məhkəmə baxışı zamanı məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı;

301.2.10. qanunla işə qiyabi baxılmasına yol verildiyi hallarda təqsirləndirilən şəxsin iştirakı olmadan baxılmasının əsaslandırılması;

301.2.11. məhkəmə baxışının yeri və vaxtı haqqında məlumatlar;

301.2.12. bu Məcəllədə nəzərdə tutulmuş hallarda işə qapalı məhkəmə iclasında baxılmasının əsaslandırılması;

301.2.13. cinayət mühakimə icraatının dilinin seçilməsi.

301.3. Xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərarda bu Məcəllənin 301.2.1—301.2.4, 301.2.6—301.2.12-ci maddələrində göstərilən müvafiq müddəalar əks etdirilməlidir.

301.4. Məhkəmə baxışı aşağıdakı müddətlərdə təyin edilməlidir:

301.4.1. cinayət işinə baxılması üçün—məhkəmənin hazırlıq iclasının keçirildiyi andan 15 (on beş) gündən artıq olmayan müddətdə;

301.4.2. məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə baxılması üçün-məhkəmənin hazırlıq iclasının keçirildiyi andan 7 (yeddi) gündən artıq olmayan müddətdə.

301.5. Məhkəmə baxışı təyin edildikdən sonra məhkəmə iclasında sədrlik edən məhkəmə iclaslarının təşkili üzrə tədbirlərin görülməsi üçün məhkəmə aparatına zəruri göstərişlər verir. Məhkəmə baxışında iştirakı nəzərdə tutulmuş şəxslər bu Məcəllənin 226-cı maddəsində göstərilmiş qaydalara uyğun olaraq məhkəmə iclasına çağırılırlar.

 

Maddə 302. Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi

 

302.1. Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir:



302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda;

302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə;

302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;

302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə;

302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda;

302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda;

302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə;

302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə.

302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır:

302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə;

302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə;

302.2.3. bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.

302.3. Məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır.

 

Maddə 303. Cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması

 

303.1. Məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır.



303.2. Cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir.

303.3. Cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır:

303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması(bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 

303.3.2. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması;

303.3.3. məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması(bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 

303.3.4. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun məhkəməyə təqdim olunmuş materiallarda olmaması;

303.3.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda ittihamın irəli sürülməsinin təsdiq edilməməsi;

303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması;

303.3.7. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi; 

303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması;

303.3.9. məhkəməyədək icraatın ibtidai istintaq şəklində aparılmasının məcburiliyinə dəlalət edən halların olmasına baxmayaraq, onun məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat formasında aparılması.

303.4. Cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda belə qərarın çıxarılması üçün əsaslar göstərilir.

303.5. Cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verildikdə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqda o, prokurorluğa daxil olduğu vaxtdan istintaq müddəti əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır.

 

Maddə 304. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması

 

304.1. Məhkəmənin hazırlıq iclasında aşağıdakılar müəyyən edildikdə məhkəmə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması haqqında əsaslandırılmış qərar çıxarır:



304.1.1. təqsirləndirilən şəxs gizləndikdə və onun olduğu yer məlum olmadıqda;

304.1.2. təqsirləndirilən şəxs onun məhkəmə baxışında iştirakını istisna edən ağır xəstəliyə tutulduqda;

304.1.3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı tətbiq edilmiş normativ hüquqi aktın Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması ilə bağlı sorğu olduqda.

304.2. Məhkəmə icraatı müdafiə hüquqlarına xələl gətirməməsi şərtilə bir və ya bir neçə təqsirləndirilən şəxs barəsində dayandırıla bilər. Bu Məcəllənin 304.1-ci maddəsində göstərilən hallarda təqsirləndirilən şəxslərdən hər hansı biri ilə bağlı iş üzrə icraat dayandırıldıqda həbsdə olan digər təqsirləndirilən şəxs barəsində icraat uzadılmamalı və hər bir halda 30 (otuz) gün müddətindən gec olmayaraq təzələnməlidir.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin