Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 170. Nəzarət altına vermə



Yüklə 2,96 Mb.
səhifə15/39
tarix25.07.2018
ölçüsü2,96 Mb.
#57697
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

Maddə 170. Nəzarət altına vermə

 

170.1. Nəzarət altına vermə qismində qətimkan tədbiri yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin valideynlərinin, qəyyumlarının, himayәçilәrinin, yaxud onun saxlandığı qapalı uşaq müəssisəsi müdiriyyətinin üzərinə yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin ictimai qaydaya riayət etməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməsi və digər prosessual vəzifələri icra etməsi də daxil olan davranışını təmin etmə vəzifəsinin qoyulmasından ibarətdir.



170.2. Yetkinlik yaşına çatmamış şəxsin nəzarət altına verilməsindən əvvəl təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə valideynlərin, qəyyumların, yaxud himayəçilərin şəxsiyyəti, onların yetkinlik yaşına çatmamış şəxsə qarşı münasibətləri barədə məlumat toplamalı, şübhəli və ya təqsirləndirilən şəxsi lazımi nəzarət altında saxlamalarını həyata keçirmək iqtidarında olduqlarını yəqin etməlidir.

170.3. Şübhəli və ya təqsirləndirilən şəxs barəsində nəzarət altına vermə qismində qətimkan tədbirinin seçilməsinin mümkünlüyünü yəqin edən cinayət prosesini həyata keçirən orqan müvafiq qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarır. O, valideynləri, qəyyumları, himayəçiləri və ya uşaq müəssisəsinin nümayəndəsini nəzarət altına vermə barədə çıxarılmış qərarla tanış edir və qərarın surətini onlara təqdim edir, habelə protokolda göstərilməklə onları şübhənin və ya ittihamın məzmunu ilə tanış, hüquq və vəzifələrini izah, məsuliyyət barədə xəbərdar edir.

170.4. Valideynlər, qəyyumlar, himayəçilər yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifələrindən xəstəliyi, ailədə qarşılıqlı münasibətin pisləşməsi, bu şəxslərin lazımi davranışını təmin etmə imkanını istisna edən digər səbəblər üzündən azad olunmalarını xahiş etməyə haqlıdırlar.

170.5. Nəzarəti həyata keçirməli olan şəxslər qarşısı alınmayan qüvvənin təsirini sübut etdikləri hallar istisna olmaqla, şübhəli və ya təqsirləndirilən şəxsin davranışına nəzarəti həyata keçirmək imkanından məhrum olunduqlarına istinad etməyə haqlı deyillər.

170.6. Nəzarəti həyata keçirməli olan şəxslər xəbərdarlıq üçün haqqında nəzarət altına vermə qismində qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranmaması barədə cinayət prosesini həyata keçirən orqana məlumat verməlidirlər.

170.7. Nəzarəti həyata keçirməli olan və bu vəzifələrini yerinə yetirməyən təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

 

Maddə 171. Komandanlığın müşahidəsi altına vermə

 

171.1. Komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin xidmət etdiyi və ya toplanışlar keçdiyi hərbi hissə və ya birləşmə komandirinin, hərbi müəssisə rəisinin üzərinə bu şəxsin ictimai qaydaya riayət etməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməsi və digər vəzifələri icra etməsi də daxil olan davranışını təmin etmə vəzifəsinin qoyulmasından ibarətdir.



171.2. Şübhəli və ya təqsirləndirilən şəxs barəsində komandanlığın müşahidəsi altına vermə qismində qətimkan tədbirinin seçilməsinin mümkünlüyünü yəqin edən cinayət prosesini həyata keçirən orqan müvafiq qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarır. O, komandanlığın nümayəndəsini qətimkan tədbirinin seçilməsi barədə qərarla tanış edir və qərarın surətini ona təqdim edir, habelə protokolda göstərilməklə onu şübhənin və ya ittihamın məzmunu ilə tanış, hüquq və vəzifələrini izah, məsuliyyət barədə xəbərdar edir.

171.3. Komandanlıq tabeliyində olan şəxsə qarşı müşahidə və onun lazımi davranışını təmin etmək üçün ümumqoşun nizamnamələrində nəzərdə tutulmuş müvafiq tədbirləri görməyə haqlıdır.

171.4. Şübhəli və ya təqsirləndirilən şəxs barəsində komandanlığın müşahidəsi altına vermə qismində qətimkan tədbirinin seçildiyi dövrdə o, qarovulun və döyüş növbətçiliyinin aparılması üçün təyin olunmur, sülh dövründə silah gəzdirmək hüququndan məhrum edilir, zabit, gizir və miçman olmayan hərbi qulluqçular isə bundan əlavə hərbi hissənin yerləşdiyi ərazidən kənarda təkbaşına işləməyə göndərilmir, habelə hissənin yerləşdiyi ərazidən kənara buraxılmırlar.

171.5. Müşahidəni icra edən komandanlıq qarşısı alınmayan qüvvənin təsirini sübut etdiyi hallar istisna olmaqla, şübhəli və ya təqsirləndirilən şəxsin davranışına nəzarəti həyata keçirə bilmək imkanından məhrum olunduğuna istinad etməyə haqlı deyil.

171.6. Şübhəli və ya təqsirləndirilən şəxsin müşahidə altına verildiyi komandanlıq tabeliyində olan bu şəxslərin lazımi qaydada davranmaması barədə cinayət prosesini həyata keçirən orqana məlumat verməlidir.

171.7. Müşahidə aparmalı olan və bu vəzifələrini yerinə yetirməyən təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

 

Maddə 172. Vəzifədən kənarlaşdırma

 

172.1. Vəzifədən kənarlaşdırma qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin öz vəzifə səlahiyyətlərini icra etməsinə, yerinə yetirdiyi işi, yaxud məşğul olduğu fəaliyyəti davam etdirməsinə qadağan qoyulmasından ibarətdir.



172.2. Şübhəli və ya təqsirləndirilən şəxs barəsində vəzifədən kənarlaşdırma qismində qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər əsaslar olduqda, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror göstərilən şəxsə 3 (üç) gün müddətində vəzifə səlahiyyətlərini icra etməyi, yerinə yetirdiyi işi, yaxud məşğul olduğu fəaliyyəti davam etdirməyi əsaslandırılmış qərarı ilə qadağan edə bilər. Eyni vaxtda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə şübhəli və ya təqsirləndirilən şəxs barəsində vəzifədən kənarlaşdırma qismində qətimkan tədbirinin seçilməsi barədə təqdimat göndərir.

172.3. Vəzifədən kənarlaşdırma qismində qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının surəti dərhal icra edilməsi üçün şübhəli və ya təqsirləndirilən şəxsin iş yerinin müdiriyyətinə göndərilir və o, qərarın surətini aldığı andan şübhəli və ya təqsirləndirilən şəxsin qadağan edilmiş işlə məşğul olmasına, yaxud fəaliyyətini həyata keçirməsinə imkan verməyə haqlı deyil.

 

Maddə 173. Qətimkan tədbirlərindən şikayət verilməsi

 

173.1. Şübhəli və ya təqsirləndirilən şəxs, onun müdafiəçisi və qanuni nümayəndəsi, cinayət prosesinin digər maraqlı iştirakçıları cinayət prosesini həyata keçirən orqanın qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi barədə qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud məhkəməyə şikayət edə bilərlər.



173.2. Məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz.

 

Maddə 174. Qətimkan tədbirinin təsdiq edilməsi

 

174.1. Cinayət işini icraata qəbul etmiş təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror əvvəlcə digər şəxslər (hakimlər istisna olmaqla) tərəfindən tətbiq edilmiş qətimkan tədbirinin qanuniliyini və dəyişdirilmədən saxlanılmasının zəruriliyini yoxlamalı və müvafiq qərar çıxarmalıdır (təhqiqatçı və müstəntiqin prokurorun qərarını yoxlamaq səlahiyyəti yoxdur).



174.2. Məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir.

 

Maddə 175. Qətimkan tədbirinin dəyişdirilməsi, ləğvi və ya ona xitam verilməsi

 

175.1. Qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. 



175.2. Qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir.

175.3. Məhkəmənin həbs, ev dustaqlığı və ya girov qismində seçdiyi qətimkan tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv oluna bilər. Bu Məcəllənin 157.8, 163.6 və 164.11-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən seçilmiş həbs, ev dustaqlığı və ya girov qətimkan tədbirinin tətbiqinə müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror xitam verə bilər.

175.4. Həbs qismində qətimkan tədbirini ləğv edən və ya dəyişdirən, habelə tətbiqinə xitam verən cinayət prosesini həyata keçirən orqan həbs yerinin rəisinə bu barədə həmin gün məlumat verir və müvafiq qərarın surətini ona göndərir.

175.5. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır.

 

 

XVIII fəsil



 

Cinayət prosesində digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi

 

Maddə 176. Prosessual hərəkətlərin aparılması üçün tətbiq olunan məcburiyyət tədbirləri

 

Bu Məcəllənin 147 və 154-cü maddələrində nəzərdə tutulmuş prosessual məcburiyyət tədbirlərindən başqa, cinayət prosesini həyata keçirən orqan sübutların əldə edilməsinə mane olan halları müəyyən etdikdə prosessual hərəkətlərin aparılması üçün digər məcburiyyət tədbirləri tətbiq edə bilər. Bu Məcəllənin 444.1.4 və 444.2-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirləri məhkəmənin qərarı əsasında tətbiq olunur.



 

Maddə 177. İstintaq hərəkətlərinin məcburi aparılması hüququ

 

177.1. Cinayət prosesini həyata keçirən orqan istintaqın normal gedişini təmin etmək üçün istintaq hərəkətini məcburi apara bilər, onun iştirakçılarının bu hərəkətin başlanmasını gözləmələri və onun aparıldığı yeri tərk etməmələri üçün tədbirlər görə bilər.



177.2. İstintaq hərəkətinin aparılmasına müvafiq şəxs tərəfindən icazə verilmədiyi və onun məcburi aparılması üçün məhkəmənin qərarı tələb olunduğu halda, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimatla müraciət edir.

177.3. Aşağıdakı istintaq hərəkətlərinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur:

177.3.1. yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması;

177.3.2. tutulmuş və ya həbs edilmiş şəxsdən başqa, şəxsin iradəsinə zidd olaraq onun şəxsi müayinəsi;

177.3.3. əmlak üzərinə həbs qoyulması;

177.3.4. poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması;

177.3.5. telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi;

177.3.6. maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi;

177.3.7. meyitin qəbirdən çıxarılması (ekshumasiya).

177.3.8. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların icrasının dayandırılması.

177.4. Baxış, axtarış və götürmə istisna edilməklə yaşayış yerində, xidməti və istehsalat binalarında baxış və digər istintaq hərəkətləri, habelə bu Məcəllənin 177.3.6 və 177.3.7-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri yalnız məhkəmənin qərarı əsasında aparıla bilər. Müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında aşağıdakı istintaq hərəkətlərini məcburi apara bilər:

177.4.1. yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış və ya götürmə aparılması — bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda;

177.4.2. şəxsi müayinə aparılması — bu Məcəllənin 238-2-ci maddəsində nəzərdə tutulmuş hallarda;

177.4.3. əmlak üzərinə həbs qoyulması — bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda;

177.4.4. poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması, habelə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi — şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə olan ağır və ya xüsusilə ağır cinayətlər üzrə sübutların müəyyən edilməsi üçün təxirə salına bilməyən hallar yarandıqda.

177.4.5. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların icrasının dayandırılması – pul vəsaitləri və ya digər əmlakla əməliyyatın terrorçuluğun maliyyələşdirilməsinə yönəlməsini və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasını güman etməyə kifayət qədər əsas verən təxirə salına bilməyən hallar yarandıqda. 

177.5. Bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri təxirə salına bilməyən hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə aparılmışdırsa, müstəntiq bu Məcəllənin 443.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Müstəntiqin qərarı istintaq hərəkətinin məhkəmənin qərarı olmadan aparılmasının zəruriliyi və təxirə salına bilməməyi əsaslandırılmaqla bu Məcəllənin 446.2-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib edilir. 

177.6. Yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir.

 

Maddə 178. Məcburi gətirilmə

 

178.1. Məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının məcburi təmin edilməsindən ibarətdir.



178.2. Məcburi gətirilmə cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxsə yalnız aşağıdakı hallarda tətbiq edilə bilər:

178.2.1. cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzürlü səbəb olmadan gəlmədikdə;

178.2.2. cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda;

178.2.3. cinayət prosesini həyata keçirən orqandan gizləndikdə;

178.2.4. daimi yaşayış yeri olmadıqda.

178.3. 14 yaşınadək olan şəxslərin, hamilə qadınların, ağır xəstələrin, habelə xüsusi ittihamçının məcburi gətirilməsinə yol verilmir.

178.4. Məcburi gətirilmə cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı və ya cinayət prosesi iştirakçılarının vəsatəti ilə məhkəmənin qərarı əsasında həyata keçirilir.

178.5. Məcburi gətirilmə barədə qərar təhqiqat orqanı və ya qanunla üzərinə bu vəzifə qoyulmuş digər orqan tərəfindən icra olunur.

 

Beşinci bölmə

 

Cinayət mühakimə icraatında əmlak məsələləri

 

XIX fəsil

 

Cinayət mühakimə icraatında mülki iddia

 

Maddə 179. Mülki iddia üzrə tətbiq edilən qanunvericilik

 

179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.



179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.

179.3. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.

179.4. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir.

 

Maddə 180. Mülki iddia üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün və ya qərarının əhəmiyyəti

 

180.1. Eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir.



180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.

180.3. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər.

 

Maddə 181. Mülki iddia vermək hüququ olan şəxslər

 

181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır:



181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda;

181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda.

181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər:

181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini;

181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini;

181.2.3. itirilmiş gəlirin ödənilməsini;

181.2.4. mənəvi ziyanın ödənilməsini.

181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir:

181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə;

181.3.2. zərər çəkmiş şəxsin dəfninə;

181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə;

181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər.

181.4. Cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər.

181.5. Cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir.

181.6. Cinayət mühakimə icraatı zamanı dövlət əmlakının mühafizəsi, habelə mülki iddia vermək hüququ olan fiziki şəxsin öz qanuni mənafelərini şəxsən müdafiə etmək imkanı olmadıqda, prokuror onların hüquqlarının müdafiəsi üçün mülki iddia verir və onu müdafiə edir. Mənəvi ziyanın ödənilməsinə dair iddianı prokuror yalnız zərər çəkmiş şəxsin xahişi ilə verə bilər.

181.7. Cinayət mühakimə icraatı zamanı prokuror təqsirləndirilən şəxsə və ya onun hərəkətlərinə görə cavabdeh olan şəxsə qarşı aşağıdakı hallarda iddia verir və onu müdafiə edir:

181.7.1. dövlət mənafeyinin müdafiəsi üçün dövlət idarə, müəssisə və ya təşkilatının müraciəti olduqda;

181.7.2. mülki iddia vermək hüququna malik olan fiziki şəxsin fəaliyyət qabiliyyəti olmadıqda və ya o, məhdud fəaliyyət qabiliyyətli olduqda.

 

Maddə 182. ləğv edilmişdir. 

 

Maddə 183. Mülki iddianın verilməsi

 

183.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.



183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir.

183.3. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır.

183.4. Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır.

 

Maddə 184. İddia ərizəsini qəbul etməkdən imtina

 

Cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər.



 

Maddə 185. Mülki iddia üzrə ödəmənin təmin edilməsi

 

Cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir.



 

Maddə 186. Mülki iddiadan imtina edilməsi

 

186.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər.



186.2. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir.

 

Maddə 187. Mülki iddianın məhkəmə aidiyyəti

 

187.1. Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır.



187.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir.

 

Maddə 188. Məhkəmənin təşəbbüsü ilə maddi ziyanın ödətdirilməsi

 

Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə sənədlər və sübutlar buna imkan verirsə, müstəsna hallarda məhkəmə baxışı zamanı şəxs verilmiş mülki iddianı şəxsən müdafiə etmək imkanından məhrum olduqda məhkəmə öz təşəbbüsü ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi barədə qərar qəbul etməyə haqlıdır.



 

XX fəsil

 

Zərər çəkmiş şəxsə kompensasiya verilməsi

 

Maddə 189. Zərər çəkmiş şəxsin kompensasiya almaq hüququ

 

189.0. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxs kompensasiya almaq hüququna o zaman malik olur ki, ona qarşı bu əməlin törədilməsi aşağıdakılarla müəyyən olunur:



189.0.1. məhkəmənin hökmü ilə;

189.0.2. cinayət prosesini həyata keçirən orqanın yekun qərarı ilə.

 

Maddə 190. Zərər çəkmiş şəxsə verilən kompensasiyanın miqdarı

 

190.0. Zərər çəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə aşağıdakı məbləğdə kompensasiya almaq hüququna malikdir:



190.0.1. ona qarşı xüsusilə ağır cinayət törədildikdə —üç yüz otuz manat; 

190.0.2. ona qarşı ağır cinayət törədildikdə —yüz altmış beş manat; 

190.0.3. ona qarşı az ağır cinayət törədildikdə —əlli beş manat; 

190.0.4. ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə —on bir manat. 

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin