Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 253. Əmlak üzərinə səhvən həbs qoyulmasından şikayət verilməsi



Yüklə 2,96 Mb.
səhifə21/39
tarix25.07.2018
ölçüsü2,96 Mb.
#57697
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

Maddə 253. Əmlak üzərinə səhvən həbs qoyulmasından şikayət verilməsi

 

253.0. Təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir.



 

Maddə 254. Cinayət mühakimə icraatı qaydasında əmlakın həbsdən azad edilməsi

 

254.1. Cinayət işi üzrə mülki iddiadan imtina edildikdə, təqsirləndirilən şəxsə ittiham edildiyi əməlin tövsifi dəyişdirildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildiyi hallardan başqa əmlak məhkəmə tərəfindən qoyulmuş həbsdən yalnız məhkəmənin qərarı əsasında azad edilə bilər.



254.2. Məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir.

 

XXXIII fəsil

 

Poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların və başqa məlumatların ələ keçirilməsi

 

Maddə 255. Üzərinə həbs qoyula bilən poçt-teleqraf və digər göndərişlərin siyahısı

 

255.0. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən çatdırılan korrespondensiyalar və digər göndərişlər istisna olmaqla üzərinə həbs qoyula bilən poçt, teleqraf və digər göndərişlərə aşağıdakılar aiddir:



255.0.1. bütün növlərdən olan məktublar;

255.0.2. teleqramlar;

255.0.3. radioqramlar;

255.0.4. banderollar;

255.0.5. sovqatlar;

255.0.6. poçt konteynerləri;

255.0.7. pul baratları.

 

Maddə 256. Poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulmasının əsasları

 

256.1. Poçt, teleqraf və digər göndərişlər üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Şübhəli və ya təqsirləndirilən şəxsin poçt, teleqraf göndərişlərində və ya onların göndərdikləri, yaxud onlara başqa şəxslər tərəfindən göndərilən poçt, teleqraf və digər göndərişlərdə cinayət işi üzrə sübut əhəmiyyəti daşıyan məlumatların olmasını güman etməyə kifayət qədər əsaslar olduqda, müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı üzrə məhkəmə poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulması haqqında qərar çıxarır. Poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulması bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə həyata keçirilir.



256.2. Poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərarda aşağıdakılar göstərilməlidir:

256.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;

256.2.2. qərarı çıxarmış şəxsin soyadı, adı və atasının adı, vəzifəsi;

256.2.3. poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması üçün əsas olan obyektiv hallar və bunun motivinin əsaslandırılması;

256.2.4. poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulmuş şəxsin (şəxslərin) soyadı, adı, atasının adı və dəqiq ünvanı;

256.2.5. üzərinə həbs qoyulmalı olan poçt, teleqraf və digər göndərişin dəqiq növü (növləri) və onun olduğu yer;

256.2.6. üzərinə poçt, teleqraf və digər göndərişi saxlamaq vəzifəsi qoyulmuş rabitə idarəsinin adı;

256.2.7. poçt, teleqraf və digər göndərişin üzərinə həbs qoyulduğu müddət.

256.3. Poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərar əsasında, həmçinin göndərişlərin baxışı və götürülməsi aparılır.

256.4. Poçt, teleqraf və digər göndəriş üzərinə qoyulan həbsə aşağıdakı hallarda xitam verilir:

256.4.1. poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərarı çıxarmış məhkəmənin və ya yuxarı məhkəmənin həbsin ləğv edilməsi barədə qərarı əsasında;

256.4.2. poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulduğu müddətin qurtarması ilə əlaqədar;

256.4.3. poçt, teleqraf və digər göndəriş üzərinə həbsin davam etməsinin lüzumsuzluğu barədə müstəntiqin qərarı, habelə müstəntiq tərəfindən çıxarılmış qərarın qanunsuz hesab edilməsi və onun ləğv olunması haqqında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qərarı əsasında.

 

Maddə 257. Poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulmasının, onun baxışının və götürülməsinin aparılması qaydası

 

257.1. Müstəntiq poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərarı müvafiq rabitə idarəsinin rəisinə göndərir.



257.2. Rabitə idarəsinin rəisi bu barədə müstəntiqə dərhal məlumat verməklə müvafiq qərarda göstərilən poçt, teleqraf və digər göndərişləri saxlayır.

257.3. Poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması ilə əlaqədar müstəntiq aşağıdakı hərəkətləri yerinə yetirir:

257.3.1. müvafiq qərarda göstərilən poçt, teleqraf və digər göndərişin saxlanması barədə rabitə idarəsinin rəisindən məlumat aldıqda, rabitə idarəsinə gəlir və həmin idarənin işçilərinin iştirakı ilə müvafiq göndərişə baxış keçirir;

257.3.2. poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması barədə qərar əsasında rabitə idarəsinin rəisini həmin qərarın götürülməyə dair hissəsi ilə imza etdirməklə tanış edir və müvafiq göndərişi götürür.

257.4. Poçt, teleqraf və digər göndərişdə iş üçün əhəmiyyətli ola biləcək sənəd və əşyaları aşkar etdikdə, müstəntiq müvafiq göndərişi götürə və ya onların surətini çıxarmaqla kifayətlənə bilər. İş üçün əhəmiyyətli ola biləcək məlumatlar olmadıqda, müstəntiq baxılmış göndərişin ünvanı üzrə verilməsi və ya onun müəyyən etdiyi müddətədək saxlanılması barədə göstəriş verir.

257.5. Müstəntiq poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması zamanı, onun baxışı və götürülməsində foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə etmək hüququna malikdir.

 

Maddə 258. Poçt, teleqraf və digər göndərişin baxışı və ya götürülməsi protokolu

 

258.1. Poçt, teleqraf və digər göndərişin baxışı və ya götürülməsinə dair protokol tərtib edilir və həmin protokolda aşağıdakılar göstərilir:



258.1.1. baxış və ya götürmənin aparıldığı tarix, vaxt və yer;

258.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

258.1.3. poçt, teleqraf və digər göndərişin üzərində baxış və ya götürmə aparılan şəxsin soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

258.1.4. baxışın və ya götürmənin aparılmasında iştirak etmiş digər şəxslərin (rabitə idarəsi rəisinin, zərurət olduqda həmin idarənin digər qulluqçularının) soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

258.1.5. baxış və ya götürmənin aparılmasının xüsusiyyətləri, hansı göndəriş üzərində baxış və ya götürmənin aparıldığı, ünvan üzrə göndərilməli və müvəqqəti saxlanılmalı olan göndəriş, hansı poçt, teleqraf və digər göndərişdən surətlərin çıxarıldığı, hansı texniki vasitələrdən istifadə edildiyi barədə qeyd;

258.1.6. istintaq hərəkəti aparılarkən müşahidə edilmə ardıcıllığı ilə baxış və ya götürmədə bütün aşkar olunanlar.

258.2. Poçt, teleqraf və digər göndəriş üzərində baxış və ya götürmənin aparılması protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan həmin istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır.

258.3. Poçt, teleqraf və digər göndəriş üzərində həbs qoyulması zamanı, onun baxışın və ya götürülməsinin aparılmasında foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur.

 

Maddə 259. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların və ya başqa məlumatların ələ keçirilməsi

 

259.1. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki, vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi, bir qayda olaraq, məhkəmənin qərarı əsasında həyata keçirilir. Şübhəli və ya təqsirləndirilən şəxsin digər şəxslərə ötürdükləri məlumatlarda (yaxud təqsirləndirilən və ya şübhəli şəxsə ötürülən məlumatlarda) cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan məlumatların olmasını güman etməyə kifayət qədər əsaslar olduqda müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı üzrə, məhkəmə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatın və ya başqa məlumatın ələ keçirilməsi haqqında qərar çıxarır. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə həyata keçirilir.



259.2. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi altı aydan artıq davam edə bilməz.

259.3. Maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər.

259.4. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən və ya başqa məlumatların ələ keçirilməsi haqqında qərarda aşağıdakılar göstərilməlidir:

259.4.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;

259.4.2. qərarı çıxarmış şəxsin soyadı, adı və atasının adı, vəzifəsi;

259.4.3. müvafiq danışıqların və ya məlumatların ələ keçirilməsi üçün əsas olan obyektiv hallar və bunun motivinin əsaslandırılması;

259.4.4. müvafiq danışıqları və ya məlumatları ələ keçirilməli olan şəxsin (şəxslərin) soyadı, adı, atasının adı və dəqiq ünvanı;

259.4.5. ələ keçirilməli olan danışıqların və ya məlumatların dəqiq növü və ya növləri;

259.4.6. üzərinə müvafiq danışıqların və ya məlumatların ələ keçirilməsi vəzifəsi qoyulmuş idarənin adı;

259.4.7. müvafiq danışıqların və ya məlumatların ələ keçirilməsinə tətbiq edilən müddət.

259.5. Telefon və digər qurğularla aparılan danışıqlar, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatlar və ya başqa məlumatlar səlahiyyətli şəxslər tərəfindən müvafiq qərar əsasında ələ keçirilir. Ələ keçirilmiş danışıqlar və ya məlumatlar kağız, yaxud maqnit daşıyıcılarda əks etdirilir, onları ələ keçirmiş şəxsin imzası ilə təsdiq olunur və müstəntiqə verilir. İşə aid danışıqların və ya məlumatın ələ keçirilməsi barədə qısa məzmunlu protokol tərtib olunur və cinayət işinin materiallarına əlavə edilir. İşə aid olmayan əldə edilmiş məlumatlar dərhal ləğv olunur.

 

XXXIV fəsil

 

İfadələrin yerində yoxlanılması və istintaq eksperimenti

 

Maddə 260. İfadələrin yerində yoxlanılması

 

260.1. İfadələrin yerində yoxlanılması şahidin, zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxslərin dəqiq məlum olan yerdə baş vermiş hadisə ilə bağlı ifadələrinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədi ilə aparılır.



260.2. Təqsirləndirilən və ya şübhəli şəxsin ifadələrinin yerində yoxlanılmasında, həmçinin onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi ifadələrin yerində yoxlanılmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir.

260.3. Zəruri hallarda ifadələrin yerində yoxlanılmasında müstəntiqin dəvəti ilə, həmçinin tərcüməçi, mütəxəssis, ifadəsi yoxlanılan cinayət prosesi iştirakçısının qanuni nümayəndəsi və ya nümayəndəsi, habelə müəllim, həkim və digər şəxslər iştirak edirlər.

260.4. Müstəntiq ifadəsi yoxlanılan şəxslə birlikdə onun göstərdiyi yerə gəlir və ona əvvəllər haqqında ifadə verdiyi və ya hazırda verə biləcəyi şəraiti, habelə əşyaları göstərməsini (və ya təsvir etməsini) təklif edir. Bu halda dindirilmiş (dindirilən) şəxs hadisə yerinə gedən yolu, əvvəllər haqqında ifadə verdiyi və ya hazırda ifadə verə biləcəyi şəraiti və əşyaları göstərir, həmçinin müstəntiqin suallarına cavab verir.

260.5. Müstəntiqin göstərişi və ya icazəsi ilə ifadələrin yerində yoxlanılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.

260.6. İfadələrin yerində yoxlanılması zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edildikdə, onlar bu Məcəllənin 236 və ya 243-cü maddələrində nəzərdə tutulmuş protokol və ya qərara əsasən götürülür. Müstəntiq götürülmüº əºya və sənədləri imkan daxilində qablaşdırmalı, möhürləməli, habelə götürmə hallarını ifadələrin yerində yoxlanılması protokolunda göstərməlidir. 

 

Maddə 261. İfadələrin yerində yoxlanılması protokolu

 

261.1. İfadələrin yerində yoxlanılması qurtardıqdan sonra müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir:



261.1.1. ifadələrin yerində yoxlanılmasının aparıldığı tarix, vaxt və yer;

261.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

261.1.3. ifadələrin yerində yoxlanılmasında iştirak edən digər şəxslərin (müdafiəçilərin, tərcüməçilərin, mütəxəssislərin, qanuni nümayəndələrin, nümayəndələrin, müəllimlərin, həkimlərin və digərlərinin) soyadı, adı və atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

261.1.4. ifadələri yerində yoxlanılan şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

261.1.5. ifadələri yerində yoxlanılan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi barədə qeyd;

261.1.6. ifadələrin yerində yoxlanılmasının xüsusiyyətləri, o cümlədən ifadələrin yerində yoxlanılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;

261.1.7. şəxs tərəfindən yerində verilmiş və mümkün qədər hərfi şəkildə yazılmış ifadələr;

261.1.8. ifadələrin yerində yoxlanılması zamanı müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar;

261.1.9. əşya və ya sənədlərin götürülməsi barədə qeyd və onların təsviri.

261.2. İfadələrin yerində yoxlanılması protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan bu istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi göstərilən istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır.

261.3. İfadələrin yerində yoxlanılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur.

 

Maddə 262. İstintaq eksperimenti

 

262.1. Cinayət təqibi üçün əhəmiyyətli olan, təcrübə və digər tədqiqat hərəkətlərinin aparılması şərti ilə araşdırıla biləcək məlumatların yoxlanılması və dəqiqləşdirilməsi məqsədi ilə müstəntiq istintaq eksperimenti apara bilər.



262.2. Təqsirləndirilən və ya şübhəli şəxsin iştirakı ilə aparılan istintaq eksperimentində, həmçinin onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi istintaq eksperimentinin aparılmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir.

262.3. Müstəntiqin dəvəti ilə istintaq eksperimentinin aparılmasında, həmçinin şahid, mütəxəssis, müəllim, həkim və digər şəxslər iştirak edirlər.

262.4. Müstəntiqin göstərişi və ya icazəsi ilə istintaq eksperimentinin aparılmasında foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.

262.5. İstintaq eksperimentinin aparılmasına insanların həyatı və sağlamlığı üçün təhlükə yaranmadıqda, şərəf və ləyaqətləri alçaldılmadıqda, onlara maddi zərər vurulmadıqda yol verilir.

 

Maddə 263. İstintaq eksperimentinin protokolu

 

263.1. İstintaq eksperimenti qurtardıqdan sonra müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir:



263.1.1. istintaq eksperimentinin aparıldığı tarix, vaxt və yer;

263.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

263.1.3. istintaq eksperimentinin aparılmasında iştirak edən digər şəxslərin (şübhəli, təqsirləndirilən şəxsin, müdafiəçinin, şahidin, mütəxəssisin, müəllimin, həkimin və digərlərinin) soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

263.1.4. barəsində istintaq eksperimenti aparılan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi barədə qeyd;

263.1.5. İstintaq eksperimentinin aparılmasının xüsusiyyətləri, o cümlədən istintaq eksperimenti zamanı hansı məlumatların yoxlanıldığı (dəqiqləşdirildiyi), habelə foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;

263.1.6. İstintaq eksperimentinin aparılması zamanı müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar (eksperimentin halları və nəticələri təfərrüatı ilə göstərilir).

263.2. İstintaq eksperimentinin protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan bu istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə onun hər bir vərəqi göstərilən istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır.

263.3. İstintaq eksperimentinin aparılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur.

 

XXXV fəsil

 

Ekspertizanın aparılması

 

Maddə 264. Ekspertizanın aparılmasının əsasları

 

264.1. Ekspertiza elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tələb edildikdə cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə aparılır.



264.2. Təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, mütəxəssis və cinayət prosesinin digər iştirakçılarının xüsusi biliklərə malik olması cinayət təqibi orqanını müvafiq hallarda ekspertizanın təyin edilməsi zərurətindən azad etmir. Bu Məcəllənin 140.0.1—140.0.4-cü maddələrində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün müvafiq ekspertizanın təyin edilməsi məcburidir.

264.3. Ekspertiza müstəntiqin qərarına və ya cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə tərəfinin yazılı müraciətinə əsasən aparılır. Ekspertizanın təyin edilməsi haqqında qərar onun aid olduğu şəxslər üçün məcburidir.

264.4. Ekspertizanın təyin edilməsi haqqında qərarda aşağıdakılar göstərilməlidir:

264.4.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;

264.4.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

264.4.3. ekspertizanın təyin edilməsinə əsas verən obyektiv hallar və onun motivlərinin əsaslandırılması;

264.4.4. aşkar edildiyi və götürüldüyü yer, vaxt və şərait göstərilməklə ekspertizaya göndərilən maddi sübutlar və digər obyektlər, ekspertiza işin materialları üzrə aparıldıqda isə ekspertin gəldiyi nəticənin əsaslana biləcəyi məlumatlar;

264.4.5. ekspert qarşısında qoyulan suallar;

264.4.6. ekspertizanın aparılması tapşırılan ekspert idarəsinin adı və ya şəxsin soyadı.

264.5. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda, müdafiə tərəfinin mənafeyinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün müdafiəçi öz təşəbbüsü ilə bir və ya bir neçə ekspertə, ekspert idarəsinə ekspert işinin müqavilə əsasında ödənilməsi şərti ilə ekspertizanın aparılması barədə rəsmi müraciət etmək hüququna malikdir.

264.6. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda, ekspertizanın müdafiə tərəfinin təşəbbüsü ilə və onun hesabına aparılması zamanı ekspertə suallar siyahısı və tədqiqat obyektləri verilir.

264.7. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda, müdafiə tərəfinin rəsmi müraciəti əsasında ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri məhkəmə tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.

 

Maddə 265. Təkbaşına və komisyon ekspertiza

 

265.1. Ekspertizanı xüsusi biliklərə malik olan, ekspert qismində təyin olunan bir və ya bir neçə şəxs apara bilər.



265.2. Təkbaşına ekspertizanın aparılması müəyyən bir ekspertə və ya müəyyən eksperti təyin edən ekspert idarəsinin rəisinə tapşırılır.

265.3. Mürəkkəb və təkrar ekspertizalar eyni ixtisasdan olan ekspertlər komissiyası tərəfindən aparılır. Tərəflərin xahişi ilə ekspert komissiyasının tərkibinə onların göstərdiyi ekspertlər daxil edilə bilər. Ekspertlər öz aralarında məsləhətləşmə aparır və ümumi rəyə gəldikdə rəyi imzalayırlar. Ekspertlər arasında fikir ayrılığı olduqda onlardan hər biri fikir ayrılığı doğurmuş bir və ya bir neçə suala dair ayrıca rəy verir.

265.4. Komisyon ekspertiza aparılması haqqında qərarın icrası ekspert idarəsinin rəhbəri üçün məcburidir. Hər hansı ekspertizanın aparılması ekspert idarəsinə tapşırıldıqda, həmin idarənin rəhbəri ekspertizanın aparılması üçün ekspertlər komissiyası təşkil edə bilər.

 

Maddə 266. Kompleks ekspertiza

 

266.1. Cinayət təqibi üçün əhəmiyyətli olan hallar müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla müəyyən edilə bildikdə kompleks ekspertiza təyin edilir.



266.2. Ekspertlər öz səlahiyyətləri daxilində kompleks ekspertiza çərçivəsində müəyyən edilmiş faktiki məlumatların məcmusu əsasında müəyyən edilməsi üçün ekspertizanın təyin edildiyi hallar barədə gəldikləri nəticəni ifadə edirlər.

266.3. Ekspert kompleks ekspertizanın rəyinin onun səlahiyyətinə aid olmayan hissəsini imzalaya bilməz.

260.4. Kompleks ekspertizanın aparılması ekspert idarəsinə tapşırıldıqda, kompleks tədqiqatların təşkili həmin idarənin rəhbərinin üzərinə düşür.

 

Maddə 267. Əlavə və təkrar ekspertiza

 

267.1. Qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair müstəntiqin əlavə sualları yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün həmin və ya başqa ekspert tərəfindən əlavə ekspertiza aparılır.



267.2. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.

267.3. Təkrar ekspertizanın aparılması başqa ekspertə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər.

267.4. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin