Maddə 420. Məhkəmənin hökmü və ya qərarı kassasiya qaydasında ləğv edildikdən sonra işə baxılması qaydası
420.1. Məhkəmənin hökmü və ya qərarı kassasiya qaydasında ləğv edildikdən sonra apellyasiya instansiyası məhkəməsində cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin yenidən baxılması bu Məcəllənin 381 - 407-ci maddələrinə müvafiq olaraq aparılır.
420.2. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərər çəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər.
XLIX fəsil
Məhkəmələrin hökm və ya qərarlarına əlavə kassasiya qaydasında yenidən baxılması
Maddə 421. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayətin verilməsi
421.1. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət aşağıdakı hallarda verilə bilər:
421.1.1. kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə baxılması zamanı bu Məcəllənin 418.2.2, 418.2.3, 418.2.5, 418.2.7, 418.3, 418.4, 419.2, 419.5, 419.6, 419.8—419.11 və 419.13-cü maddələrindən birinin və ya bir neçəsinin tələblərinin pozulmasına yol verdikdə;
421.1.2. kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən dəlillər əsaslandırılmadıqda;
421.1.3. kassasiya instansiyası məhkəməsinin qərarının nəticəvi hissəsi onun təsviri-əsaslandırıcı hissəsinə uyğun olmadıqda.
421.2. ləğv edilmişdir.
421.3. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna verilir.
Maddə 422. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət vermək hüququ olan şəxslər
422.1. Əlavə kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna təqdimat vermək hüququna yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri bu səlahiyyətləri apellyasiya məhkəmələrinin sədrlərinin və ya Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin təqdimatı əsasında da həyata keçirir.
422.2. Əlavə kassasiya qaydasında protest vermək hüququna yalnız cinayət təqibi ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyi hallarda Azərbaycan Respublikasının Baş prokuroru malikdir.
422.3. Əlavə kassasiya qaydasında şikayət vermək hüququna zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi, məhkum və ya onun xahişi ilə aşağıdakı tələblərə cavab verən müdafiəçi malikdir:
422.3.1. bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən vəkil;
422.3.2. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda iştirak etmək üçün vəkillik kollegiyasının müvafiq qurumunun orderini almış vəkil. KM1
Maddə 423. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayətin verilməsi xüsusiyyətləri KM5
423.1. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət yalnız hüquq məsələləri üzrə cinayət qanununun və ya bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılması məqsədi ilə verilir.
423.2. Bu Məcəllənin 421.1-ci maddəsində nəzərdə tutulmuş hallarda əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət mübahisə edilən kassasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığı gündən sonra 12 (on iki) ay müddətində verilə bilər.
423.3. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət yazılı şəkildə verilir və onlara məhkəmənin mübahisə edilən hökm və ya qərarının, habelə müvafiq olaraq təqdimatın, protestin və ya şikayətin dəlillərini təsdiq edə biləcək sənədlərin surətləri əlavə olunur.
423.4. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət bu Məcəllənin 413.1.1—413.1.6-cı maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır.
423.5. Əlavə kassasiya qaydasında verilmiş təqdimata, protestə və ya şikayətə onları vermək hüququ olan bütün şəxslərə çatacaq sayda onların surətləri əlavə edilir.
423.6. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət vermiş şəxs məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun iclasında baxılanadək onu geri götürmək hüququna malikdir. Təqdimat, protest və ya şikayətin geri götürülməsi onlara Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmasına xitam verilməsinə səbəb olur.
Maddə 424. Əlavə kassasiya qaydasında verilmiş protest və ya şikayətin baxılmamış saxlanılması üçün əsaslar
424.0. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri öz qərarı ilə əlavə kassasiya qaydasında verilmiş protest və ya şikayəti aşağıdakı hallarda baxılmamış saxlamaq hüququna malikdir:
424.0.1. protest və ya şikayət vermiş şəxs müvafiq hüquqa malik olmadıqda;
424.0.2. protest və ya şikayət vermiş şəxs onları yazılı şəkildə təqdim etmədikdə;
424.0.3. protest və ya şikayət vermiş şəxs onlara məhkəmənin mübahisə edilən qərarının surətini əlavə etmədikdə;
424.0.4. protest və ya şikayət vermiş şəxs belə protest və ya şikayət vermək hüququ olan bütün şəxslərə çatacaq sayda onun surətlərini əlavə etmədikdə.
Maddə 425. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayətin verilməsi barədə bildiriş
425.0. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra onun surətləri 3 (üç) gün müddətində belə təqdimat, protest və ya şikayət vermək hüququ olan şəxslərə göndərilir. Bu şəxslərə eyni zamanda aşağıdakı hüquqlar izah edilir:
425.0.1. əlavə kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna verilmiş təqdimat, protest və ya şikayətlə, habelə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə tanış olmaq, onlardan lazımi çıxarışlar etmək;
425.0.2. müvafiq olaraq verilmiş təqdimat, protest və ya şikayətin surətini aldıqdan sonra 10 (on) gün müddətində onlara öz etirazlarını bildirmək;
425.0.3. müvafiq olaraq əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclasında baxılanadək digər şəxslərin etirazları ilə tanış olmaq;
425.0.4. əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclasında baxılması zamanı iştirak və çıxış etmək.
Maddə 426. Əlavə kassasiya qaydasında verilmiş protest və ya şikayətin ilkin öyrənilməsi
426.1. Əlavə kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuş protest və ya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri ilkin öyrənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasının hakimlərindən birinə verir. Əlavə kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuş protest və ya şikayətlər bu Məcəllənin 298.1-ci maddəsində göstərilən qaydalara uyğun olaraq bölüşdürülür.
426.2. Əlavə kassasiya qaydasında protest və ya şikayəti ilkin öyrənən hakim protest və ya şikayətin Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduğu vaxtdan 30 (otuz) gündən gec olmayaraq aşağıdakı hərəkətləri yerinə yetirir:
426.2.1. protest və ya şikayət və onlara əlavə edilmiş sənədlərlə tanış olur;
426.2.2. bu Məcəllənin 424 və 425-ci maddələrinin tələblərinin yerinə yetirilməsini təmin edir;
426.2.3. protest və ya şikayətin məzmunu onda məhkəmənin mübahisə edilən hökm və ya qərarının qanuniliyinə və əsaslılığına şübhə yaratdıqda cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarının tələb edilməsi barədə qərar qəbul edir və onun icrasını təmin edir;
426.2.4. protest və ya şikayətin dəlilləri ilə müqayisə etməklə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını öyrənir;
426.2.5. məhkəmənin mübahisə edilən hökm və ya qərarına əlavə kassasiya qaydasında yenidən baxılması üçün əsasların olub-olmaması məsələsinə dair rəy hazırlayır;
426.2.6. protest və ya şikayəti və onlara əlavə edilmiş materialları, habelə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını və özünün hazırladığı rəyi Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə verir;
426.2.7. əlavə kassasiya qaydasında protest və ya şikayət vermək hüququna malik olan şəxslərə müvafiq olaraq verilmiş protest və ya şikayətə baxılmasının yeri və vaxtı barədə məlumat verir.
Maddə 427. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayətə mahiyyəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən baxılması
427.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun gündəliyinə aşağıdakı məsələləri daxil edir:
427.1.1. əlavə kassasiya qaydasında təqdimata baxılması barədə—təqdimat verildikdən sonra 30 (otuz) gün müddətində;
427.1.2. əlavə kassasiya qaydasında protest və ya şikayətə baxılması barədə—müvafiq olaraq həmin protest və ya şikayətə dair Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin rəyi alındıqdan sonra 30 (otuz) gün müddətində.
427.2. Təqdimat, protest və ya şikayətə əlavə kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclasında baxılmasının tarixi və vaxtı barədə həmin iclasın başlanmasına ən geci 10 (on) gün qalmış əlavə kassasiya qaydasında protest və ya şikayət vermək hüququ olan şəxslərə məlumat verilir.
427.3. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclasında aşağıdakı qaydada baxılır:
427.3.1. Plenumun iclasında sədrlik edən məhkəmənin hansı hökm və ya qərarının barəsində, kimin tərəfindən və hansı əsaslarla mübahisə edildiyini, habelə əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət vermək hüququ olan şəxslərdən kimlərin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclas zalında olmasını elan edir;
427.3.2. Plenumun iclasında sədrlik edən əlavə kassasiya qaydasında protestə və ya şikayətə baxılmasının tarixi və vaxtı haqqında məlumatlandırılmış şəxslərdən hər hansı birinin olmamasının müvafiq olaraq əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun iclasında baxılması imkanını istisna etmədiyini izah edir;
427.3.3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət vermək hüququ olan şəxslərdən hər hansı biri olmadan əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayətə baxılması və ya həmin baxışın təxirə salınması haqqında qərar qəbul edir;
427.3.4. Plenumun iclasında sədrlik edən əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət vermiş şəxsə söz verir (belə şəxslərin sayı iki və daha artıq olduqda, bu şəxslər özlərinin təklif etdikləri çıxış ardıcıllığını məhkəmənin nəzərinə çatdırırlar; həmin şəxslər bu məsələyə dair razılığa gəlmədikdə, onların çıxış ardıcıllığı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı ilə müəyyən edilir);
427.3.5. əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət vermiş şəxs çıxış edir və onun fikrincə məhkəmənin barəsində mübahisə edilən hökm və ya qərarının əsaslığını və ya qanunsuzluğunu təsdiq edən dəlil və əsasları şərh edir;
427.3.6. Plenumun iclasında sədrlik edən növbəliklə əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət vermək hüququ olan digər şəxslərə söz verir;
427.3.7. əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət vermək hüququ olan şəxslər növbəliklə çıxış edir və müvafiq olaraq verilmiş təqdimat, protest və ya şikayəti müdafiə etdiklərinin və ya onlara qarşı etiraz etmələrinin dəlil və əsaslarını şərh edirlər;
427.3.8. əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət vermək hüququ olan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin suallarına cavab verirlər;
427.3.9. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri arzu etdikdə əlavə kassasiya qaydasında verilmiş təqdimat, protest və ya şikayətə dair çıxış edirlər;
427.3.10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əlavə kassasiya qaydasında baxdığı təqdimat, protest və ya şikayətə dair qərar qəbul edir.
427.4. Bu Məcəllənin 421.1-ci maddəsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əlavə kassasiya qaydasında baxdığı təqdimat, protest və ya şikayətə dair aşağıdakı qərarlardan birini qəbul etmək hüququna malikdir:
427.4.1. kassasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən, əlavə kassasiya qaydasında verilmiş təqdimat, protest və ya şikayətin isə təmin edilmədən saxlanılması barədə;
427.4.2. bu Məcəllənin 421.1.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və yeni qərarın çıxarılması barədə;
427.4.3. bu Məcəllənin 421.1.2 və 421.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə.
427.5. ləğv edilmişdir.
427.6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayətə baxılması nəticələrinə dair qərar çıxararkən birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən etmək və ya onları sübuta yetirilmiş hesab etmək hüququna malik deyildir.
427.7. ləğv edilmişdir.
427.8. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını birinci və ya apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmasına göndərildiyi halda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu təkrar baxış zamanı məhkəmənin gələcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz:
427.8.1. ittihamın sübuta yetirilib-yetirilməməsi;
427.8.2. bir sübutun mötəbərliliyi və ya digər sübutun mötəbərsizliyi;
427.8.3. bir sübutun digər sübutlardan üstünlüyü;
427.8.4. məhkəmə tərəfindən cinayət qanununun bu və ya digər müddəasının tətbiq edilməsi;
427.8.5. məhkəmə tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsi.
427.9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı apellyasiya instansiyası məhkəməsinin qərarı üçün bu Məcəllənin 398-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
427.10. Əlavə kassasiya qaydasında verilmiş protest və ya şikayətə mahiyyəti üzrə baxılması nəticəsində işin ibtidai araşdırması və ya müvafiq olaraq birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində baxışı zamanı cinayət prosesi iştirakçılarının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntuları müəyyən etdikdə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu xüsusi qərar çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xüsusi qərarı bu Məcəllənin 406-cı maddəsinin tələblərinə uyğun olaraq çıxarılır.
427.11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən çıxarılmış xüsusi qərar müvafiq tədbir görülməsi üçün aşağıdakı şəxslərə göndərilməlidir:
427.11.1. dövlət orqanlarının vəzifəli şəxsləri barəsində - tabeçiliyindən asılı olaraq yuxarı dövlət orqanının rəhbərinə;
427.11.2. müstəntiqlər, təhqiqatçılar və təhqiqat orqanının əməkdaşları barəsində - tabeçiliyindən asılı olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbərinə;
427.11.3. prokurorlar və prokurorluğun müstəntiqləri barəsində - Azərbaycan Respublikasının Baş prokuroruna;
427.11.4. birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin hakimləri barəsində - Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin vasitəsilə Məhkəmə-Hüquq Şurasına.
Onuncu bölmə
Bəzi kateqoriyalı şəxslər barəsində icraatın xüsusiyyətləri
L fəsil
Yetkinlik yaşına çatmayanlar barəsində icraatın xüsusiyyətləri
Maddə 428. Yetkinlik yaşına çatmayanlar barəsində icraatın aparılması qaydası
428.1. Yetkinlik yaşına çatmayan şəxslər barəsində məhkəməyədək icraatın, həmçinin birinci, apellyasiya və kassasiya instansiyaları icraatının aparılma qaydası bu Məcəllədə nəzərdə tutulmuş ümumi qaydalarla, habelə bu Məcəllənin 428—435-ci maddələri ilə müəyyən edilir.
428.2. Cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür.
Maddə 429. Yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı müəyyən edilməli olan hallar
429.0. Törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı aşağıdakı hallar müəyyən edilməlidir:
429.0.1. yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün);
429.0.2. yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti;
429.0.3. yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi;
429.0.4. yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü.
Maddə 430. İbtidai istintaqın aparılmasının məcburiliyi
Yetkinlik yaşına çatmayanların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq şəklində aparılır.
Maddə 431. Yetkinlik yaşına çatmayan barəsində cinayət işinin ayrıca icraata ayrılması
431.1. Yetkinlik yaşına çatmayan şəxs cinayətin törədilməsində digər şəxslərlə birlikdə iştirak etdiyi halda məhkəməyədək icraat mərhələsində onun barəsində cinayət işi imkan daxilində ayrıca icraata ayrılmalıdır.
431.2. Yetkinlik yaşına çatmayan şəxs barəsində cinayət işinin ayrıca icraata ayrılması işin hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli maneələr yaratdıqda həmin işin ayrıca icraata ayrılmasına yol verilmir.
Maddə 432. Yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaqın aparılmasının xüsusiyyətləri
432.1. Yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaq imkan daxilində müvafiq ibtidai istintaq orqanlarının xüsusi bölmələri və ya yetkinlik yaşına çatmayan şəxslərlə müvafiq iş təcrübəsinə malik olan şəxslər tərəfindən aparılmalıdır.
432.2. Yetkinlik yaşına çatmayan şəxs barəsində cinayət işi üzrə icraat hər hansı bir gecikdirməyə yol verilmədən aparılmalıdır. Yetkinlik yaşına çatmayan şəxs barəsində iş üzrə onun müdafiəçisinin iştirakı məcburidir.
432.3. İbtidai istintaq zamanı yetkinlik yaşına çatmayan şəxslə müstəntiq arasında əlaqələr cinayət işinin hallarının lazımi qaydada nəzərə alınması, yetkinlik yaşına çatmayan şəxsə hörmətlə yanaşılması, yetkinlik yaşına çatmayan şəxsin rifahına kömək edilməsi və ona ziyan vurulmasına yol verilməməsi şərtilə həyata keçirilir.
432.4. Yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaqın bütün mərhələlərində aşağıdakı hüquqların təmin edilməsinin əsas prosessual təminatlarına riayət edilməlidir:
432.4.1. irəli sürülmüş ittiham barəsində məlumat almaq hüququ;
432.4.2. ifadə verməkdən imtina etmək hüququ;
432.4.3. müdafiə hüququ;
432.4.4. valideynlərin və ya digər qanuni nümayəndələrin iştirak etmək hüququ;
432.4.5. məxfilik hüququ.
432.5. 16 yaşınadək və əqli cəhətdən zəiflik əlamətləri olan yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə istintaq hərəkətlərinin aparılmasında müstəntiq müəllim və ya psixoloqun iştirakını təmin etməlidir.
432.6. Yetkinlik yaşına çatmayan şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsinə hər bir halda yetkinlik yaşına çatmayan şəxsin və ya onun valideynlərinin (digər qanuni nümayəndələrinin) razılığı ilə yol verilir.
432.7. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə ibtidai istintaqın qurtarmasını elan edərkən və ona cinayət işinin materiallarını təqdim edərkən müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz mülahizələrinə görə yetkinlik yaşına çatmayan şəxsə mənfi təsir göstərə biləcək cinayət işinin materiallarının yetkinlik yaşına çatmayan şəxsə təqdim edilməməsi barədə əsaslandırılmış qərar çıxarmaq hüququna malikdirlər. Belə halda göstərilən materiallarla məcburi qaydada yetkinlik yaşına çatmayan şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi tanış edilməlidir.
Maddə 433. Yetkinlik yaşına çatmayan şəxsin tutulması
433.1. Yetkinlik yaşına çatmayan şəxsin tutulması zamanı bu barədə dərhal onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə məlumat verilir. məlumatın dərhal verilməsi mümkün olmadıqda, yetkinlik yaşına çatmayan şəxsin valideynlərinə və ya digər qanuni nümayəndələrinə mümkün qədər qısa müddətdə tutulma barədə məlumat verilir.
433.2. Məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakim və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror yetkinlik yaşına çatmayan şəxsin tutulması onlara məlum olan kimi bu Məcəllənin 434.1 və 434.2-ci maddələri ilə müəyyən edilmiş hallar istisna olmaqla dərhal onun azad edilib-edilməməsi məsələsinə baxmalıdırlar.
Maddə 434. Yetkinlik yaşına çatmayan şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi
434.1. Yetkinlik yaşına çatmayan şübhəli və təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbirinin tətbiq edilməsinə yalnız ona az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol verilir.
434.2. Yetkinlik yaşına çatmayan şəxs barəsində həbs qətimkan tədbirinin müstəsna tədbir kimi və mümkün qədər qısa müddət ərzində tətbiq edilməsinə yol verilir.
434.3. Həbsdə saxlanılan yetkinlik yaşına çatmayan şəxslər digər şəxslərdən ayrı saxlanılmalıdırlar. Onlar yaşının, cinsinin və şəxsiyyətinin xüsusiyyətlərinə görə tələb olunan qulluq, müdafiə və digər fərdi yardımla təmin edilməlidirlər.
Maddə 435. Yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayət barədə cinayət işi üzrə məhkəmə baxışının xüsusiyyətləri
435.1. Yetkinlik yaşına çatmayan şəxslərin törətdikləri cinayətlər barədə cinayət işlərinə daha təcrübəli hakimlər tərəfindən baxılmalıdır.
435.2. Yetkinlik yaşına çatmayan şəxs barəsində məhkəmə baxışı zamanı məhkəmə iclasında sədrlik edən bu Məcəllənin 429—434-cü maddələrinin tələblərinin təmin olunmasını müəyyən etməlidir.
435.3. Yetkinlik yaşına çatmayan şəxs barəsində cinayət işinin məhkəmə baxışında yetkinlik yaşına çatmayan şəxsin valideynləri və ya digər qanuni nümayəndələri iştirak etmək hüququna malikdirlər. Yetkinlik yaşına çatmayan şəxsin mənafeyi naminə məhkəmə özünün əsaslandırılmış qərarı ilə həmin şəxslərin məhkəmə baxışında iştirakını tələb edə və ya yetkinlik yaşına çatmayan şəxsin mənafeləri üçün zəruri olduğunu güman etməyə əsaslar olduqda, valideynlərin və ya digər qanuni nümayəndələrin iştirakından imtina edə bilər.
435.4. Yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır:
435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır;
435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir;
435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir.
435.5. ləğv edilmişdir.
Dostları ilə paylaş: |