Maddə 110-1. Kooperativ üzvlərinin pay haqları və kooperativin pay fondu
110-1.1. Kooperativ üzvlərinin kooperativə verdiyi əmlak pay haqları kooperativin pay fondunu təşkil edir. Kooperativin pay fondu kooperativin kreditorlarının maraqlarına təminat verən kooperativ əmlakının minimal həddini müəyyənləşdirir. Kooperativə daxil olarkən ödənilən üzvlük haqqı pay fonduna daxil deyildir və kooperativin üzvü kooperativdən çıxdıqda qaytarılmır.
110-1.2. Kooperativ üzvlərinin pay haqlarına onların şəxsi borclarına görə tutma yalnız bu Məcəllənin 112.5-ci maddəsində nəzərdə tutulmuş halda və qaydada yönəldilə bilər.
110-1.3. Kooperativin pay fondunun və mütləq payın həcmi, mütləq və əlavə payların ödənilmə qaydası, əmlakla (əmlak hüquqları ilə) ödənilən payların qiymətləndirilmə qaydası nizamnamə ilə müəyyənləşdirilir. Qiymətləndirməyə bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məşğul olan şəxslər cəlb edilə bilər.
110-1.4. Əgər ikinci və sonrakı illərin sonunda kooperativin xalis aktivlərinin dəyəri pay fondunun dəyərindən az olarsa, kooperativ üzvlərinin ümumi yığıncağı pay fondunun azaldığını elan etməyə və onu qanunvericilikdə müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur.
110-1.5. Kooperativ üzvlərinin ümumi yığıncağının qərarı ilə pay fondu artırıla və ya azaldıla bilər. Pay fondunun miqdarı kooperativin xalis aktivlərinin miqdarından artıq olmamalıdır. Kooperativin pay fondunun miqdarı onun xalis aktivlərinin miqqdarından artıq olduqda kooperativin pay fondu göstərilən fərq məbləğində mütləq pay haqlarının proporsional azaldılması yolu ilə azaldılmalıdır.
110-1.6. Kooperativin pay fondunun artırılmasına mütləq pay haqları miqdarının artırılması ilə yol verilir.
Dostları ilə paylaş: |