Maddə 116. Fondun nizamnaməsinin dəyişdirilməsi və onun ləğv edilməsi
116.1. Fondun nizamnaməsi fondun orqanları tərəfindən bir şərtlə dəyişdirilə bilər ki, nizamnamədə onun bu qaydada dəyişdirilməsi imkanı nəzərdə tutulmuş olsun. Əgər nizamnamənin dəyişməz şəkildə saxlanılması fondun təsis edilməsi zamanı qabaqcadan nəzərə alınması mümkün olmayan nəticələrə səbəb olarsa, nizamnamədə isə nizamnamənin dəyişdirilməsi imkanı nəzərdə tutulmazsa və nizamnamə vəkil edilmiş şəxslər tərəfindən dəyişdirilməzsə, dəyişikliklər edilməsi hüququ fondun orqanlarının və ya fondun nizamnaməsi ilə onun fəaliyyətinə nəzarət etməyə vəkil edilmiş orqanın ərizəsinə əsasən məhkəməyə mənsubdur.
116.2. Fondun ləğvi haqqında qərarı maraqlı şəxslərin ərizəsinə əsasən yalnız məhkəmə qəbul edə bilər. Fond aşağıdakı hallarda ləğv edilə bilər:
116.2.1. fondun əmlakı onun məqsədlərinin həyata keçirilməsinə kifayət etmədikdə və lazımi əmlakın əldə edilməsi ehtimalı real olmadıqda;
116.2.2. fondun məqsədlərinə çatmaq mümkün olmadıqda, bu məqsədlər isə lazımi şəkildə dəyişdirilə bilmədikdə;
116.2.3. öz fəaliyyətində fond nizamnamədə nəzərdə tutulan məqsədlərdən yayındıqda;
116.2.4. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
116.3. Fond ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakı fondun nizamnaməsində göstərilən məqsədlərə, bu, mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.
Dostları ilə paylaş: |