Maddə 289. Girov qoyulmuş əşyaya mülkiyyət hüququ keçərkən girovun saxlanması
289.1. Bu Məcəllənin 274.2-ci maddəsi nəzərə alınmaqla, girov qoyulmuş əşyaya mülkiyyət hüququ həmin əşyanın əvəzli və ya əvəzsiz özgəninkiləşdirilməsi nəticəsində və ya universal hüquq varisliyi qaydasında girov qoyandan başqa şəxsə keçdikdə girov hüququ qüvvədə qalır. Girov qoyanın hüquq varisi girov qoyanın yerini tutur və əgər girov saxlayanla razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyanın bütün vəzifələrini daşıyır.
289.2. Girov qoyanın girov predmeti olan əşyası hüquq varisliyi qaydasında bir neçə şəxsə keçdikdə hüquq varislərindən (əmlakı əldə edənlərdən) hər biri girovla təmin edilmiş öhdəliyin icra edilməməsinin girovdan irəli gələn nəticələrini həmin əmlakın ona keçmiş hissəsinə mütənasib surətdə daşıyır. Lakin girov predmeti bölünməz olduqda və ya başqa əsaslara görə hüquq varislərinin ümumi mülkiyyətində qaldıqda onlar birgə girov qoyanlar olurlar.
Dostları ilə paylaş: |