Maddə 299. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsinə və onun satışına xitam verilməsi
299.1. Tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
299.2. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsinə və ya onun satışına xitam verilməsini tələb edən şəxs həmin əşyaya tutmanın yönəldilməsi və onun satışı ilə bağlı çəkilmiş xərclərin əvəzini girov saxlayana ödəməyə borcludur.