Maddə 36. Qəyyumluqda və himayədə olanın əmlakı barəsində sərəncam verilməsi
36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər.
36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.
36.3. Qəyyumun, himayəçinin, onların ərinin (arvadının) və yaxın qohumlarının ixtiyarı yoxdur ki, qəyyumluqda və ya himayədə olana hədiyyə kimi əmlak verilməsi və ya onun əvəzsiz istifadəsinə əmlak verilməsi istisna olmaqla, qəyyumluqda və ya himayədə olanla əqdlər bağlasın, habelə əqdlər bağlanarkən və ya qəyyumluqda və ya himayədə olanla qəyyumun və ya himayəçinin əri (arvadı) və onların yaxın qohumları arasında məhkəmə işləri aparılarkən qəyyumluqda və ya himayədə olanı təmsil etsinlər.
Dostları ilə paylaş: |