Maddə 352. Əqdin bir hissəsinin etibarsızlığının nəticələri
Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi.
Maddə 353. Əqdin konversiyası
Tərəflər əqdin etibarsızlığını bildikdən sonra etibarlı olmasını arzuladıqda, əgər etibarsız əqd başqa əqd üçün nəzərdə tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin qaydaları tətbiq edilir.
Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər
354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
Dostları ilə paylaş: |