Maddə 573. Alıcıdan əşyanın geri alındığı halda satıcının məsuliyyəti
573.1. Alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur.
573.2. Alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir.
Maddə 574. Əşyanın geri alınması barədə iddia irəli sürüldükdə alıcının və satıcının vəzifələri
574.1. Əgər üçüncü şəxs alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsas üzrə alıcıya qarşı əşyanın geri alınması barədə iddia irəli sürərsə, alıcı satıcını işdə iştiraka cəlb etməyə, satıcı isə alıcının tərəfində bu işə daxil olmağa borcludur.
574.2. Alıcının satıcını işdə iştiraka cəlb etməməsi satıcını alıcı qarşısında məsuliyyətdən azad edir, bu şərtlə ki, satıcı işdə iştirak etməklə satılmış əşyanın alıcıdan geri alınmasına yol verməyə biləcəyini sübuta yetirsin.
574.3. Alıcının işdə iştiraka cəlb etdiyi, lakin işdə iştirak etməmiş satıcı alıcının işi yanlış apardığını sübuta yetirmək hüququndan məhrum olur.
Dostları ilə paylaş: |