Maddə 577. Satılan əşyaların miqdarı
577.1. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər.
577.2. Əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır.
Maddə 578. Əşyaların miqdarı haqqında şərtin pozulmasının nəticələri
578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.
578.2. Əgər satıcı alıcıya alğı-satqı müqaviləsində nəzərdə tutulan miqdardan çox əşya verərsə, alıcı bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydada satıcıya bu barədə bildiriş verməlidir. Satıcı alıcının bildirişini aldıqdan sonra ağlabatan müddətdə əşyaların müvafiq hissəsinə dair sərəncam verməzsə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bütün əşyaları qəbul edə bilər.
578.3. Alıcı alğı-satqı müqaviləsində göstərilən miqdardan çox əşyanı qəbul etdikdə, əlavə qəbul edilmiş əşyalar, əgər tərəflərin razılaşması ilə ayrı qiymət müəyyənləşdirilməyibsə, müqaviləyə uyğun qəbul edilmiş mal üçün müəyyənləşdirilmiş qiymətlə ödənilir.
Dostları ilə paylaş: |