Maddə 688. Əmlak kirayəsi zamanı bron haqqı, beh, dəbbə pulu
688.1. Kirayədə marağı olan hər hansı şəxsin gələcəkdə kirayə müqaviləsi bağlanması məqsədilə ödədiyi haqq (bron və ya ehtiyatda saxlama haqqı):
688.1.1. əgər kirayəyə verənə, onun müavinlərinə və ya vasitəçilərinə ödənilmişdirsə, kirayə müqaviləsinin bağlandığı zaman əmlak kirayəsi haqqının hesabına daxil edilir. Əgər vasitəçi daşınmaz əmlakla əqdlər üzrə maklerdirsə, bron haqqı əvvəlcə maklerin dövlət tarifləri əsasında hesablanan muzdunun hesabına gedir və yalnız qalan hissə əmlak kirayəsi haqqının hesabına daxil edilir;
688.1.2. əgər iki aylıq kirayə haqqının məbləğindən yüksəkdirsə, kirayədə marağı olan şəxs tərəfindən istənilən vaxt geri tələb edilə bilər;
688.1.3. əgər kirayə müqaviləsi kirayədə marağı olan şəxsin təqsiri olmadan bağlanmazsa və ya kirayə müqaviləsinə zidd olaraq kirayəçinin əşyaya sahibliyə başlaması imkanı təmin edilməzsə, kirayədə marağı olan şəxs tərəfindən istənilən vaxt tamamilə geri tələb edilə bilər.
688.2. Əgər kirayəçi kirayəyə verənin öz öhdəliklərini icra etməsi üçün ona təminat verməlidirsə, bu cür təminat bir aylıq əmlak kirayəsi haqqının iki mislindən çox olmamalıdır. Əgər təminat pul məbləği ilə ifadə edilirsə, kirayəyə verən onu bankda öz kapitalından ayrılıqda, saxlama müddəti qanunla müəyyənləşdirilmiş əmanətlər üçün adi olan faizlər ilə yerləşdirməlidir. Faizlər kirayəçiyə mənsubdur və öhdəliyin təminatının artmasına xidmət edir.
688.3. Yaşayış otaqlarının kirayəsi halında kirayəçinin ziyanına olaraq bu Məcəllənin 688.1 və 688.2-ci maddələrinin tələblərindən kənaraçıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur.
688.4. Yaşayış otağını kirayəyə verənin kirayəçidən dəbbə pulu ödənilməsi barədə öhdəlik almasına əsas verən razılaşmanın qüvvəsi yoxdur.
Dostları ilə paylaş: |