Maddə 6. Mülki qanunvericiliyin prinsipləri
6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:
6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi;
6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;
6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi;
6.1.4. mülkiyyətin toxunulmazlığı;
6.1.5. müqavilələr azadlığı;
6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi;
6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması;
6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi;
6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi.
6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
6.4. Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər.
Dostları ilə paylaş: |