43-cü fəsil.
Kommersiya konsessiyası
Maddə 800. Konsessiya müqaviləsi
800.1. Konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür:
800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq;
800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq;
800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir.
800.2. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, tapşıran barəsində konsessionerin kontrakt mallarını müqavilə ərazisinin hüdudlarından kənarda və ya müqavilə müştərilərindən savayı, başqa müştərilərə satmaq hüququ yoxdur.
800.3. Başqasına satmaq üçün sadə satınalma konsessiya müqaviləsinə əsas verə bilməz. Müntəzəm ticarət münasibətləri də konsessiya haqqında müqaviləyə əsas verə bilməz.
Dostları ilə paylaş: |